Yeni transferi AZAL-a kömək edə bilməyəcək
05.07.2011 - 19:00
Yeni transferi AZAL-a kömək edə bilməyəcək
AZAL yeni transferi Branislav Arseniyeviçinin xidmətindən Avroliqanın I təsnifat mərhələsində “Minsk” klubu ilə cavab oyununda da istifadə edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, Bosniyanın və Herseqovinanın “Sarayevo” klubundan gələn serbiyalı müdafiəçi yeni komandasında debüt etmək üçün onun Belarus səddini keçməsini gözləməli olacaq. Çünki ötən mövsüm Bosniyanın ən yaxşı müdafiəçisi seçilən Arseniyeviçin transfer vərəqi gec gəldiyi üçün onun Bakıda oyunda olduğu kimi, iyulun 7-də Minskdəki cavab görüşünə sifariş edib, oynatmaq mümkün olmayacaq. Bunu nəzərə alan “təyyarəçilər” həm onu, həm digər yeni transferi, Albaniya yığmasının kapitanı olan yarımmüdafiəçi Ervin Bulkunu Belarusa gətirməyib.

Qeyd edək ki, UEFA-nın “Olimpik-Şüvəlan” kimi göstərdiyi AZAL “Minsk”i keçərsə, II mərhələdə Türkiyənin “Qaziantepspor”la görüşəcək. İyulun 14 və 21-də keçiriləcək bu oyunlarda da ilk olaraq meydan sahibinin komandamızın olması nəzərdə tutulub.

Mehman SÜLEYMANOV, Minsk