AZAL-ın Minskdəki ilk məşqini “Xəzər Lənkəran”ın sabiq futbolçusu izlədi
06.07.2011 - 00:44
AZAL-ın Minskdəki ilk məşqini “Xəzər Lənkəran”ın sabiq futbolçusu izlədi
Avroliqada Azərbaycanın təmsilçisi olan AZAL klubu Belarusda ilk hazırlığını keçirib. Apasport.az saytının Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, komandamız ilk məşqinə turnirin I təsnifat mərhələsi çərçivəsində iyulun 7-də görüşəcəyi “Minsk” klubunun bazasında çıxıb. Böyük əraziyə malik baza gözəl mənzərəsi, məşq meydançalarının çoxluğu ilə göz oxşayırdı. Təsadüfi deyil ki, orada gözəl təbii ot örtüyündə məşq edən komandamızın üzvləri şəraitdən çox razı qaldılar. Yeganə problem isə bizlərin Minskdə düşəndən bəri şahidi olduğu yağış idi. Özü də bu, məşqin ortasında güclənməklə, leysan halını aldı. Ancaq belə hava şəraitində məşq etmək nə qədər çətin olsa da, bu, Minskə mübariz əhval-ruhiyyədə gələn komandamıza mənfi təsir göstərmədi. Saat yarım davam edən hazırlıqda futbolçular Nazim Süleymanovun rəhbərlik etdiyi məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetirdilər.

Məşqi bir müddət kənarda izləyən isə Süleymanova yaxşı tanış sima idi. Söhbət “Xəzər Lənkəran” klubunun belaruslu sabiq qapıçısı Aleksandr Martyoşkindən gedir. Hazırda “Minsk”də uşaqlarla çalışan 41 yaşlı veteran qapıçının ölkəmizdə çıxışının əsas təşəbbüskarı məhz Süleymanov olub. Martyoşkin Lənkəran klubu yaranan vaxtda – 2004-cü ilin yayında baş məşqçi Süleymanovun dəvəti ilə gəlib və 2 il çıxış edib. O, debüt mövsümündə çempionatımızın gümüş medalını qazanıb, “qızıl oyun”da “Neftçi”yə uduzub – 1:2. Martyoşkin məşq prosesinin gedişinə müdaxilə etməyərək, onun sonuna yaxın keçmiş baş məşqçisi ilə səmimi görüşdü, ayaqüstü söhbətləşdi.

Qeyd edək ki, AZAL-ın bugünkü məşqi yerli vaxtla saat 18:00-da (Bakı vaxtilə 20:00-da) “Dinamo” stadionunda olacaq. ”Minsk”lə görüş məhz bu arenada olacaq və qaydaya görə, qonaq komanda oyuna 1 gün qalmış son məşqini matç keçiriləcək stadionunda keçirmək hüququna malikdir.

Mehman SÜLEYMANOV, Minsk