Aleksandr Martyoşkin: Sizin xətrinizə dəymək istəmirəm
06.07.2011 - 14:00
Aleksandr Martyoşkin: Sizin xətrinizə dəymək istəmirəm
“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu, belaruslu qapıçı Aleksandr Martyoşkinin apasport.az saytının Minskə ezam olunmuş əməkdaşına müsahibəsi

- Hazırda işləriniz necə gedir?
- Sağ olun, yaxşıdır. Burada uşaqlarla çalışıram. “Minsk” uşaq futbol məktəbində çalışıram. Qapıçılarla işləyərək, onların bu sənətin sirlərini öyrədirəm.

- “Minsk”in oynayacağı AZAL-ı sizə yaxşı tanış olan Nazim Süleymanov çalışdırır. Məhz Süleymanov “Xəzər Lənkəran”ın baş məşqçisi olduğu dövrdə onun dəvəti ilə ölkəmizə gəldiniz. Ölkəmizdəki 2 illik karyeranızı necə xatırlayırsınız?
- Yalnız xoş xatirələrlə. Sağ olsun ki, həmin vaxt məni çağırdı. O, məni Rusiyada oynadığı dövrdən unutmamışdı. Həmin vaxt Süleymanovla birgə futbol oynamışdıq. Ona dəvətinə görə minnətdaram. Süleymanovu həmişə sevmiş və hörmət etmişəm. Öz oyunumla onun etimadını doğruldur, özümü sübut edirdim. Azərbaycandakı karyeramı həmişə xoş xatirə kimi yada salıram. Belarusa qayıdandan sonra hamı məndən soruşurdu ki, Azərbaycan, oradakı futbol haqda soruşurdular. Mən də xoş sözlər deyirdim. Ölkənizdə 5-6 sanballı komanda var. Onlar hətta Rusiya Premyer Liqasında oynaya bilərdilər. Ancaq indi klublarınızın səviyyəsini mühakimə edə bilmərəm. Çünki indi çempionatınızın necə keçdiyini bilmirəm. Ancaq mənə elə gəlir ki, onun səviyyəsi birmənalı olaraq artır. Əlbəttə, mən oynadığım vaxt Azərbaycan futbolunu qaldırdılar.

- “Xəzər Lənkəran”ın hazırkı çıxışını internetdən izləyirsiniz?
- Bəli. Görürəm ki, hər zaman liderlər arasındadırlar, çempionluq uğrunda mübarizə aparır.

- Yenə də çempionluq uğrunda “Neftçi” ilə yarışaraq, sonda 2-ci oldular. Bu, elə siz oynayan vaxtda olmuşdu. Sadəcə, həmin vaxtda “qızıl oyun”da 1:2 hesabı ilə uduzmuşdunuz...
- Elədir. “Xəzər Lənkəran”ın ötən mövsüm necə çıxış etdiyinə internetdən baxdım. Dostlarım da mənə xəbər verirlər. Elə vaxt olurlar ki, uşaqlarla zəngləşirik.

- Kimlərlə?
- Müdafiəçi Ədəhim Niftəliyev, kapitanımız olmuş Bəxtiyar Musayev, klubda işləmiş Mətin adlı bir şəxslə. Bəxtiyar Minskə işləri ilə əlaqədar gəlmişdi, onunla zəngləşmişəm. Hətta Lənkərandan olan azarkeşlərin zəng edib, hal-əhval tuturlar.

- Süleymanov AZAL-ın baş məşqçisi olduğu üçün onun komandasının məşqinə baxmaq sizin üçün maraqlı gəldi, yoxsa?
- Elə oldu ki, “Minsk” bu komanda ilə düşdü. Mən bilirdim ki, Süleymanov AZAL-ın baş məşqçisidir və o, bazamızda hazırlıq keçəcək. Təsadüfən elə alındı ki, bizim də məşqimiz həmin vaxta düşdü. Biz də futbol veteranları “Minsk”in bazında yığışaraq, qaçır, futbol oynayırıq. Sadəcə, məşqin bitməsini gözləməyi bildim. Niyə məşqə maneçilik törətməliyəm?

- AZAL-la “Minsk”in cavab görüşünə proqnozunuz necədir?
- Açığı, mənə proqnoz vermək çətindir. Çünki mən nə bizim vaxtımızda “Olimpik” adlanan komandanı, nə onun “Minsk”lə ilk matçını görmüşəm. Əgər komandanızın beynəlxalq səviyyədə görsəydim, nə deyib, qiymət vermək olardı. İlk oyunda 1:1 hesablı nəticəyə görə şansları 50-nin 50-yə dəyərləndirirəm.

- İlk oyunda komandanızın münasib nəticə qazanmasına baxmayaraq, şansları bərabər sayırsınız?
- Özünüz də başa düşürsünüz ki, bu, futboldur, hər şey ola bilər. Məncə, şanslar yenə bərabərdir.

- Sizin vaxtınızda “Olimpik” adlanan komandanın oyunu yadınızda necə qalıb?
- Mənə elə gəlir ki, “Olimpik” onda çox zəif idi. Gördüyünüz kimi, indi komanda avrokuboklara vəsiqə qazanıb və bu, onun gücündən xəbər verir. Xatırlayırsınız, o vaxt “Neftçi”, “Xəzər Lənkəran”, “Karvan”, “İnter”, “Bakı”, “MKT-Araz” iddialı idi. Bu 6 komanda mükafatlar, avrokuboklara vəsiqə uğrunda mübarizə aparırdı. “Olimpik” indi belə nəticə əldə edib, Avroliqaya çıxıbsa, deməli, daha güclüdür.

- Yəqin ki, “Minsk” – AZAL oyununda öz komandanıza azarkeşlik edəcəksiniz...
- (gülür) Mən həmişə futbola azarkeşlik edirəm. Burda işləyirəmsə, hər halda, “Minsk”ə azarkeşlik etməliyəm. Mən bununla sizin də xətrinizə dəymək istəmirəm. Ancaq doğma komandamızın mərhələ keçib, ölkəmizin reytinq xallarını gətirməsini istəyirəm. Əgər yığmalar oynasaydı, birmənalı olaraq özümüzünkülərə azarkeşlik edərdim.

- Əgər AZAL yox, “Xəzər Lənkəran” “Minsk”lə oynasaydı, kimə azarkeşlik edərdiniz?
- (gülür) Belə olsaydı, birmənalı söz deyə bilməzdim.

- Siz gedəndən sonra Kamran Ağayev nəinki “Xəzər Lənkəran”ın, milli komandamızın “1 nömrəli” qapıçısı oldu...
- Bildiyimə görə, Kamran uzun müddət qol buraxmırdı, bir oyunda seriyası qırılmışdı. Deyəsən, mənə çatmağına 15 dəqiqə çatmamışdı. Mənə də ona görə maraqlıdır ki, Ağayev mənim rekordumu qıra bildi, yoxsa yox?

- Kamran futbolumuzda “quru seriya”ya görə rekord etdi. Ancaq sizin “Xəzər Lənkəran”da şəxsi rekordunuz olub...
- Bilirəm. Mən internetdə oxudum ki, Ağayev Martyoşkinin rekordunu qıra bilmədi. Yadımdadır, Kamran hələ “Xəzər Lənkəran”dan qabaq “Turan”da oynayanda atası mənə yaxınlaşıb demişdi ki, oğlum səninlə işləyəcək. Mənə Azərbaycanda oynamaq maraqlı idi. Mən “Xəzər Lənkəran”ın qapıda güclü tərəfini göstərirdim. Ancaq sonradan limiti 5-dən 3+2-yə endirdilər və mənimlə müqavilə uzatmadılar.

- Ağayevin belə səviyyə çatıb, Azərbaycanın ən güclü qapıçısı olacağını gözləyirdiniz?
- Biz 2006-cı ildə Lənkəranda “Turan”a 1:0 hesabı ilə qalib gəldik və onda Kamran yaxşı oynadı. Oyunu xoşuma gəldi. Mən Ağayevdə yaxşı perspektiv görürdüm. Ancaq deyim ki, həmin vaxtda ən güclü qapıçı olacağını qəti söyləyə bilməzdim. Sadəcə, belə bir material vardı və ondan yaxşı qapıçı hazırlamağın mümkünlüyün görürdüm.

Mehman SÜLEYMANOV, Minsk