“Mən “Minsk”i hansısa Azərbaycan klubu ilə müqayisə edə bilmərəm”
06.07.2011 - 15:51
“Mən “Minsk”i hansısa Azərbaycan klubu ilə müqayisə edə bilmərəm”
“Cavab matçında meydana çıxıb, öz oyunumuzu göstərib, qol vurmaq lazımdır”. Bu sözləri apasport.az saytına açıqlamasında ölkəmizi Avroliqada təmsil edən AZAL-ın latviyalı futbolçusu Ritus Krijaklis deyib.

Onun sözlərinə görə, “Minsk”lə sabah səfərdə keçiriləcək görüşdə qolun matçın hansı anında vurulmasının fərqi yoxdur: “Elə fikirləşirəm ki, bunun fərqi yoxdur. Əsas odur ki, həmin qolu vuraq və özümüz top buraxmayaq. “Minsk”in hansı taktika seçəcəyini bilmirəm. Əlbəttə, öz meydanlarında, azarkeşləri qarşısında oynamaqları onların üstünlüyüdür. Ancaq bununla belə, şansların bərabər olduğunu düşünürəm”.

Qışda komandaya transfer olunan Krijaklisin “Minsk”lə ilk oyunda səhvi oldu. Təsadüfi deyil ki, rəqib məhz onun zonasında boşluqdan istifadə edərək, hesabı açdı. Latviya millisinin üzvü olan sağ cinah müdafiəçisi bu dəfə özünü yaxşı tərəfdən göstərmək istəyir: “Futbolda belə səhvlər olur. Məşqçi məni hara qoyacaqsa, orda da oynayacağam”.

“Minsk” son turda “Şaxtyor”a 0:1 hesabı ilə uduzdu. Ancaq Ritus buna görə arxayınlaşmağı düzgün saymır: “Deyə bilmərəm ki, rəqib bizimlə oyuna gücünü qorudu. Məncə, “Minsk”in çempionatda 9-cu yerdə getməsi əhəmiyyət daşımır. Onlar Belarus, AZAL isə Azərbaycan çempionatında oynayır. Buna görə də müqayisə aparıb, onların bizim çempionatda hansı yerdə olacaqlarını deyə bilmərəm. Mən “Minsk”i Azərbaycan hansısa komandası ilə müqayisə edə bilmərəm. Hərənin öz futbolu, oyun tərzi var”.

Mehman SÜLEYMANOV, Minsk