“Maradona da boş qapıya qol vura bilməyib” - MÜSAHİBƏ
06.07.2011 - 17:12
“Maradona da boş qapıya qol vura bilməyib” - MÜSAHİBƏ
Avroliqanın I təsnifat mərhələsində “Minsk” klubu ilə görüşəcək AZAL-ın mərakeşli futbolçusu Zohair Benouahinin apasport.az saytının Minskə ezam olunmuş əməkdaşına müsahibəsi

- “Minsk”lə cavab görüşündən nə gözləyirsiniz?
- Bizim üçün çətin olacaq. Çünki “Minsk” öz meydanında oynayacaq. Ancaq bir şey də var ki, hər 2 komanda artıq bir-birini tanıyır. Yəni, həm bizim baş məşqçi rəqibi, həm də onların baş məşqçisi bizi tanıyır. Deyərdim ki, cavab görüşü baş məşqçilərin dueli olacaq. Biz futbolçulara isə baş məşqçinin verdiyi tapşırıqlara əməl etmək qalır.

- Sabahkı matçı taktiki mübarizə sayırsınız?
- Əlbəttə. Çünki komandalar artıq bir-birini əzbərləyib.

- Baş məşqçiniz Nazim Süleymanov “Minsk”in çalışdırıcı Vitali Tarakanovdan daha təcrübəlidir. Yəqin ki, məşqçinizə daha çox güvənirsiniz...
- Əlbəttə. Meydanda güclü mübarizə gedəcək. Biz səfərdə ən azı 1 qol vurmalıyıq. Buna görə də hücuma meylli oynamağa məcburuq. Əgər Süleymanovun tapşırıqlarını yerinə yetirsək, uğur qazana bilərik.

- Bəs rəqib meydanında qolu necə vura bilərik?
- Şərt tək qol vurmaq deyil, həm də top buraxmamaqdır. Hər şeyə baxmayaraq, çox ehtiyatlı oynamalıyıq. Düzdür, Bakıda 1 qol vurduq. Ancaq nəzərə alın ki, bizim ən azı 5 qol epizodumuz oldu. Bu onu göstərir ki, komandamız pis oynamadı. Pis oynasaydıq, həmin qol epizodlarını yaratmayacaqdıq. İmkanları yaratdıq, sadəcə, onlardan istifadə edə bilmədik.

- Həmin qol imkanlarından birini də siz qaçırdınız. İlk hissənin sonunda yaxın məsafədən qapıya düşə bilmədiniz...
- İndinin özündə də həmin epizod haqda fikirləşirəm. Nə deyim ki? Elə olub ki, Maradona da boş qapıya vura bilməyib. Bununla özümü bəraət qazandırmıram. Əlbəttə, həmin epizodda qol vurmalıydım. Ancaq alınmadı. İndi bunu əvəzini Minskdə çıxmağa çalışacağam.

- AZAL-ın əsas qol ümidlərindən biri məhz sizsiniz. Azarkeşlərimizin hər biri sizdən səfər oyununda qol gözləyir...
- Məni tanıyanların çoxu yaxınlaşaraq deyir ki, hamımız səndən qol gözləyirik. Yəqin ki, onları bir az pis öyrəşdirmişəm (gülür). Bilirəm ki, məndən çox qol gözləyirlər. Əlbəttə, qolu vurmağa çalışacağam. Çünki Azərbaycanda mənə ümidlərin böyük olduğunu görürəm.

- Cavab oyununda konkret kimdən qol gözləyirsiniz?
- AZAL elə bir komandadır ki, burda hamı qol vurmağı bacarır. Bizdə dəfələrlə elə olub ki, ən vacib qolları müdafiəçilərimiz vurub. Burda şərt o deyil ki, qolu mən, yoxsa başqası vursun. Bizə sadəcə qol vurub, növbəti mərhələyə adlamaq lazımdır.

- “Minsk”in keçiləsi rəqib olduğunu düşünürsünüzmü?
- “Minsk” o qədər zəif komanda deyil. Ola bilsin ki, Bakıdakı stadionda oyunları alınmadı. Ancaq oyunlarına diqqət yetirsəniz, görərsiniz ki, güclü komandadır. Ancaq yenə də keçiləsi rəqibdir. “Minsk” “dişimizə görədir”. Öz oyunumuz oynasaq, növbəti mərhələyə keçəcəyik.

- Bakıdakı 1:1 hesablı bərabərliyin daha çox “Minsk”in xeyrinə olduğunu düşünürsünüzmü?
- Əlbəttə, ilk oyundan sonra “Minsk” favoritdir. Mən rəqibin şansının daha çox olması ilə razılaşıram. Deyərdim ki, şanslar 70-in 30-a belarusluların xeyrinədir. Ən azından ona görə ki, biz hücum edib, qol vurmalıyıq. “Minsk”ə isə mərhələ keçmək üçün 0:0 hesabı da yetərlidir.

Mehman SÜLEYMANOV, Minsk