“Viktoriya”dan qələbə ilə qayıdaq!
07.07.2011 - 11:00
“Viktoriya”dan qələbə ilə qayıdaq!
Bu gün Azərbaycan futbolunda xüsusi bir gündür. Apasport.az saytının Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, avrokubokların cari mövsümündə mübarizəyə başlayan ilk təmsilçilərimizin taleyinə aydınlıq gələcək. Avroliqada çıxış edən “Qarabağ” Bakıda, AZAL isə Minskdə cavab görüşünə çıxaraq, mərhələ keçməyə iddiasını göstərəcək.

Əslində ölkəmizi turnirin son 2 mövsümündə layiqli təmsil edən “Qarabağ” Litvanın “Banqa” klubu ilə hələ ilk oyunda qazandığı möhtəşəm qələbə (4:0) ilə həm 17 illik avrokuboklar tariximizdə ilk dəfə səfərdə böyük hesablı qələbəmizi qazandı, həm də mərhələ keçmək vəzifəsini yerinə yetirdi. Heç kimə sirr deyil ki, cavab oyunu daha çox formal xarakteri daşıyacaq və “Banqa”nın səfərdə 5 top fərqi ilə qalib gələcəyi daha çox möcüzəyə bənzəyir.

AZAL-ın isə məsələsi tam fərqlidir. Ən azı ona görə ki, Nazim Süleymanovun çalışdırdığı komandamız səfərdə oynayır və evdə qalib gələ bilməməklə, işini çətinləşdirdi. 1:1 hesablı bərabərlik “təyyarəçilər”i səfərdə mütləq ən azı 1 qol vurmağa sövq edir. Əks halda, mərhələ keçmək arzusunun üstündən xətt çəkmiş olacağıq.

Əlbəttə, AZAL üçün çətinlik yaradan digər məqamlar da var. Mövsümə hazırlığın yeni başlamağı, yoxlama matçlarının demək olar keçirilməməyi, bizdən fərqli Belarusda çempionatın getməsi və bunun nəticədə bizim oyun praktikası əziyyət çəkməsi, rəqibin isə formada olması, qazon dəyişikliyi, AZAL-ın sintetik, “Minsk”in isə təbii ot örtüyündə oynamağı və sair. Ancaq bütün bunlar mərhələ keçə bilməmək anlamına gəlməməlidir. Fakt odur ki, “Minsk” keçiləsi rəqibdir və ilk oyunda bunun canlı şahidi olduq. Rəqib Bakıda bizə qol vura bilirsə, niyə biz də Minskə buna nail olmayaq? Üstəlik, Nazim Süleymanov kimi bombardirlik keyfiyyətlərinə malik olan keçmiş hücumçunun çalışdırdığı komandamız. Süleymanov “Neftçi”də, “Alaniya”da, milli komandamızda qolçuluq bacarığını göstərərək, uzun müddət Rusiyanın Premyer Liqasında ən çox qol vuran legioner oldu. O, özü oyun öncəsi etiraf etdi ki, 15-20 il öncəki Nazim Süleymanov meydanda olsaydı, “Minsk”ə qol vurardı. Deməli, onun yetirmələri bundan nəticə çıxardıb, rəqib qapısına yol tapmalı, qol imkanlarını sağa-sola xərcləməməlidir. Əks halda, bunun acısını çəkə bilərik və həmin şans bir daha ələ düşə bilməz. Bu üzdən vaxtında fərqlənib, minimal vəzifə olan 1 qolu vurmaq lazımdır. Təbii ki, öz qapının toxunulmazlığını saxlamağı unutmamaq şərti ilə.

Süleymanov hələ ilk oyundan keçirdiyi mətbuat konfransında maraqlı, cəsarətli açıqlamaları ilə diqqət mərkəzinə düşdü. Onun “Minsk” Azərbaycan çempionatında ilk “altılığ”a düşə bilməzdi” fikri Belarusda böyük müzakirə obyektinə çevrilib. Bundan qıcıqlanan minsklilər meydanda bunun əksini sübuta yetirib, AZAL-ı keçərək, avrokuboklarda debütdəcə mərhələ adlamaq iddiasındadır. Süleymanov “Minsk”i keçə bilməyəcəyəmsə, niyə işləyirəm ki” fikri də əsas diqqəti çəkən məqam oldu. Yəni 46 yaşlı mütəxəssis qələbə qazanmayacaqları halda, mümkün gedişinə işarə vurdu. Bütün bunlar isə futbolçularının üzərinə böyük məsuliyyət qoyur. Yəni 2 ildən komandanı çalışdıran həmsoyadımın təsadüfən inamla danışmadığını meydanda göstərmək, ona çətin anda arxa durmaq lazımdır. Təbii ki, Süleymanov futbolçularına, komandasının gücünə inanmasaydı, belə açıqlamalar verməzdi.

Özü də futbolçu kimi avrokubokların həyəcanını dəfələrlə yaşamış Süleymanov məşqçi kimi qitə miqyaslı turnirdə debüt edir. Təbii ki, Süleymanov ilk cəhddəcə öz sözünü deyib, mərhələ kemək, ölkəmizin UEFA-dakı klub reytinqinə xallar yazdırmaq istəyir və yetirmələri buna meydanda nail olmaqla, ona ən gözəl hədiyyə etmiş olacaq.

Təbii ki, oyun əlavə vaxta, hətta penaltilər seriyasına getməsi realdır və bu zaman fiziki, psixoloji hazırlıq, hansı komandamın futbolçularının, qapıçılarının meydanda daha təmkinli, soyuqqanlı, əsəblərinin sakit olmağı əsas rol ounayacaq. Ancaq penalti bir lotereya olduğundan, məsələni buna gəlib çıxmasını da istəməzdik. Hər şeyi elə 90 dəqiqədə həll edib, qalib gəlmək olar. Bu isə “Viktoriya”dan qələbə ilə qayıtmağımız demək olacaq. Axı komandamızla birgə Minskdə bu adı daşıyan oteldə məskunlaşmışıq. “Viktoriya” isə qələbə deməkdir və vətənimizdə komandamızda azarkeşlik edən, onun yolunu gözləyənlərin hər biri bunun meydanda reallaşdırılmağını gözləyir. Təki belə olsun!

Mehman SÜLEYMANOV, Minsk