Elxan Məmmədov: Millimizin maraqlı qrupda yer aldığını düşünürəm
31.07.2011 - 11:52
Elxan Məmmədov: Millimizin maraqlı qrupda yer aldığını düşünürəm
“Millimizin maraqlı qrupda yer aldığını düşünürəm. Lüksemburq yığması istisna olmaqla, digər rəqiblərimizin hər biri ilə müxtəlif vaxtlarda dünya və ya Avropa çempionatlarının seçmə mərhələsində qarşılaşmışıq. Bununla yanaşı, millimiz Lüksemburqla yoldaşlıq oyunu keçirib”. Apasport.az saytının xəbərinə görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Dünən Braziliyanın Rio-de-Janeyro şəhərində 2014-cü il dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Tədbirdə iştirak edən baş katib püşkün nəticəsi ilə bağlı fikirlərini bildirib: “Belə demək mümkünsə, bütün rəqiblərimizlə tanışlığımız var. Qeyd edim ki, püşkün nəticəsi ilə bağlı millimizin baş məşqçisi Berti Foqtsla fikirlərimiz üst-üstə düşür. Məlum olduğu kimi, Berti Foqtsun millimizin baş məşqçisi vəzifəsində cari seçmə mərhələnin sonuna qədər müqaviləsi var. Mövsümün sonunda Foqts AFFA rəhbərliyinə baş məşqçi kimi fəaliyyəti və millinin nəticələri haqda geniş hesabat verəcək. Bundan sonra onunla müqavilənin artırılıb-artırılmaması barədə qərar qəbul olunacaq. Ümidvaram ki, millimiz DÇ-2014-ün seçmə mərhələsində layiqli çıxış edərək, ölkə futbol ictimaiyyətini və azarkeşləri sevindirəcək”.