Rəşad Sadıqov: Bir qədər dözə bilsəydik, istədiyimiz nəticəni qazana bilərdik
05.08.2011 - 10:33
Rəşad Sadıqov: Bir qədər dözə bilsəydik, istədiyimiz nəticəni qazana bilərdik
“Qələbə qazanmaq və mərhələ adlamaq istəyirdik. Qələbə qazandıq, amma mərhələ adlaya bilmədik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqov deyib.

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Brügge” ilə qarşılaşan “Qarabağ” cavab oyununda qələbə qazansa da, səfərdəki böyük hesablı məğlubiyyət təmsilçimizin mübarizəni dayandırmasına səbəb oldu. Müdafiəçinin fikrincə, fasiləyə qədər qol vura bilsəydilər, hesab fərqli ola bilərdi: “Birinci hissədə qol vura bilsəydik, yaxşı olardı. Rəqibin qapısına yaxınlaşdıq, ancaq dəqiq zərbə endirə bilmədik. İlk oyunda böyük hesabla uduzmasaydıq, bəlkə bu gün fərqli atmosfer olardı”.

Komandanın qarşısına daha böyük məqsədlər qoyulduğunu da bildirən Sadıqov səfərdəki məğlubiyyətin acısını yaşadıqlarını gizlətmədi: “Orda necə qollar buraxdığımızı gördünüz. Bir qədər dözə bilsəydik, bu gün istədiyimiz nəticəni qazana bilərdik. Ümumiyyətlə, bir daha aydın oldu ki, Avropa klubları doğma meydanlarında daha yaxşı çıxış edirlər. Artıq irəliyə baxmalıyıq”.