Yubiley çempionatı başlayır
05.08.2011 - 13:24
Yubiley çempionatı başlayır
Sabah Azərbaycan Premyer Liqasında növbəti mövsümün startı veriləcək. Apasport.az saytının məlumatına görə, sayca yubiley – XX olan milli çempionat 281 gün (həm start, həm finiş günü də sayılmaqla) davam edəcək.

Premyer Liqa klubları XVIII turdan sonra - dekabrın 21-də fasiləyə buraxılacaq. Gələn il fevralın 10-da davam etdiriləcək yarışın təsnifat mərhələsinin bütün oyunları eyni gündə - martın 3-də baş tutacaq (XXII turla) yekunlaşacaq.

Artıq martın 10-da isə “altılıq” mübarizəsinə, yəni final mərhələsinə start veriləcək. Ümumilikdə isə mövsüm daha gec – mayın 17-də başa çatacaq. Buna oktyabrın 16-da start götürəcək ölkə kubokunun gələn il həmin gündə final oyunu ilə yekunlaşması səbəb olacaq.

Gələn ilin mayın 12-də yekunlaşacaq yubiley çempionatımızda da 12 komanda iştirak edəcək. Ancaq ötən mövsümlə müqayisədə bir sıra dəyişiklər olacaq.

Belə ki, MOİK sonuncu pillənin sahibi kimi yerini itirdisə, 8-ci olan Salyanın “Muğan” çıxışını Premyer Liqada yox, I divizionda davam etdirməyi üstün tutdu. Belə olan halda, 11-ci yerin sahibi kimi I diviziona düşən Zaqatalanın “Simurq” klubu Premyer Liqada saxlanıldı.

“Abşeron” I divizionun çempionu kimi güclülər dəstəsinə vəsiqə qazansa da, oynamaqdan imtina etdi. Onun yerinə “Sumqayıt Şəhər” çıxış edəcək. Premyer Liqamızın digər debütantı isə I divizionda 2-ci yeri tutan Bakının “Rəvan” klubudur.

İlk turda mərkəzi oyun - “Neftçi” – “Qarabağ” matçı qonaqların Avroliqada çıxışı ilə əlaqədar təxirə salındığından, 5 görüş keçiriləcək. Bunlardan ən maraqlı oyun Qəbələdə gözlənilir. İddialarını xeyli artıran “Qəbələ” ilə “Bakı” arasında gərgin, prinsipial görüş olacaq. Qəbələlilərin ötən mövsüm “altılıq”da və ölkə kubokunda yolunu məhz “zolaqlılar” kəsmişdi.

Premyer Liqamızın debütantları sabah əyalətdə sınağa çəkiləcək. “Rəvan” ölkəmizin ən titullu klublarından olan “Kəpəz”in qonağı olacaq. Bununla da ardıcıl 2-ci il çempionatımız Gəncədə start götürəcək. “Sumqayıt Şəhər” isə Avroliqada sonra heyətində xeyli islahatlar aparan, legionerlərindən çoxu ilə vidalaşan “Xəzər Lənkəran”la görüşəcək. “İnter” – “Turan” oyunu nəinki sabah, ümumiyyətlə, ilk turda Bakıda yeganə matçdır.

Tura Zaqatalada yekun vurulacaq. “Simurq”la AZAL yeni baş məşqçilərin rəhbərliyi altında çıxacaq və əcnəbi-yerli qarşıdurması davam edəcək. Çünki Avroliqada mübarizəni dayandırdıqdan dərhal sonra istefa verən Nazim Süleymanovu Elxan Abdullayev, komanda Premyer Liqada yerini qoruya bilmədiyinə görə son turu gözləmədən postunu tərk edən makedoniyalı Qyoko Hacıyevskini ötənlərin məşhur rusiyalı hücumçusu Sergey Yuran əvəzləyib.

Qeyd edək ki, ötən çempionatımız 286 gün davam etmişdi. 2010-cu il avqustun 7-də startı verilən yarış bu il mayın 19-da yekunlaşmışdı. Kubokun finalı isə mayın 24-də keçirilmişdi.

6 avqust

18:00. "Kəpəz" - "Rəvan"
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Yaşar Abbasov, Rövşən Əhmədov
Gəncə. Şəhər stadionu

20:00. "Xəzər Lənkəran" - "Sumqayıt Şəhər"
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Rahil Ramazanov, Elçin Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu

20:00. "İnter" - "Turan"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Azər Əsədov, Vüsal Əliyev
Bakı. "Şəfa" stadionu

7 avqust

18:00. "Qəbələ" - "Bakı"
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fuad Həsənov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası

20:00. "Simurq" - AZAL
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Zeynal Zeynalov, Ceyhun Haşımov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

Mehman SÜLEYMANOV