Elvin Əliyev: “Bakı”ya gələn nə üçün gəldiyini yaxşı bilir
05.08.2011 - 13:51
Elvin Əliyev: “Bakı”ya gələn nə üçün gəldiyini yaxşı bilir
“Komandada hər şey yüksək səviyyədədir. Yeni transferlərimiz də gücümüzə güc qatıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın müdafiəçisi Elvin Əliyev deyib.

Yeni mövsümdə uğurlu nəticə qazanmaq istəyən “zolaqlılar” yayda heyətini gücləndirib. Xüsusilə, karyeraları ərzində tanınmış klublarda forma geyinən əcnəbilərlə anlaşan paytaxtın eyniadlı təmsilçisi öz iddiasını da ortaya qoymuş oldu.

Komandasının hazırlığı barədə danışan Əliyev ötənilki heyətlə müqayisə də aparmağı lazım bildi: “Yeni transferlərimizin hamısı yüksək səviyyəli futbolçulardır. Komandaya xeyirli olacağımızı düşünürəm. Əslində, legionerlərimiz karyeraları ilə nəyə qadir olduqlarını sübut ediblər. Ötənilki heyətlə müqayisədə hazırkı komanda daha güclüdür. Əvvəlki futbolçuları güclü hesab etmirəm. İndiki futbolçular öz oyunları ilə, keçdikləri yolla bunu sübut ediblər. “Bakı”ya gələn nə üçün gəldiyini yaxşı bilir”.

Mövsümə “Qəbələ” ilə matçla start verəcək paytaxt təmsilçisinin üzvləri ilə klub rəhbərliyinin görüşü olub və komandanın qarşısına qoyulan hədəflər açıqlanıb: “Bəli, rəhbərlik futbolçularla görüşüb. Komandanın qarşısına həm çempion olmaq, həm də ölkə kubokunu qazanmaq məqsədi qoyulub. Biz hər iki cəbhədə sona qədər vuruşacağıq”.

İki il əvvəl “Bakı”nın əsas heyət oyunçusu olan və kapitan sarğısını daşıyan Əliyev yenidən ilk “11-lik”də yer alacağına inanır: “Hazırlıq oyunlarında əsas heyətin üzvü kimi meydana çıxdım. Gərək, özümü doğruldum”.