“Volqa”nın baş məşqçisi Vaqif Cavadovun çıxışına qiymət verdi
08.08.2011 - 13:05
“Volqa”nın baş məşqçisi Vaqif Cavadovun çıxışına qiymət verdi
Azərbaycan millisinin futbolçusu Vaqif Cavadovun oynadığı Rusiyanın “Volqa” klubunun baş məşqçisi Dmitri Çerışev azarkeşlərə müraciət edib. Apasport.az-ın məlumatına görə, klubun rəsmi saytı vasitəsilə müraciətində gənc çalışdırıcı son turda evdə “Rostov”a məğlubiyyətdən (0:1) sonra azarkeşlərdən üzr istəyib.

Mütəxəssisin fikrincə, həmin görüşdə komandasının göstərdiyi oyun onları heç cürə qane edə bilməz: “İlk növbədə bizi daim dəstəkləyən azarkeşlərdən üzr istəyirəm. Bu oyunda siz yaxşı idiniz və meydandakıları görməyə heç cür haqq etmirdiniz. Görürəm ki, futbolçularımızın uğursuzluğuna görə çox narahatçılıq keçirirlər. Komandamızda bu məğlubiyyətə laqeyd heç kim yoxdur”.

Çerışev konkret Vaqifin adını çəkməsə də, onun kimi debüt edən yeni futbolçuların çıxışına toxunub: “Biz son vaxtlar ifaçıların çatışmazlığını hiss edirdik. Ümid edirdik ki, yeni futbolçular ilk matçdaca oyunumuzun keyfiyyətini artıracaqlar. Təəssüf ki, bu, baş vermədi. Bununla belə, yenilər vaxt keçdikcə yalnız sistem yaradan futbolçular yox, kollektivin liderləri də olmalıdırlar. Biz uzanan uğursuzluq seriyasına son qoymaq üçün bütün gücümüzü qoyacağıq”.