Millimizin taleyi sərt hakimin əlindədir
08.08.2011 - 15:04
Millimizin taleyi sərt hakimin əlindədir
Avqustun 10-da Azərbaycan və Makedoniya yığmaları arasında baş tutacaq yoldaşlıq görüşü gənc FİFA hakiminə etibar olunub. Apasport.az saytının məlumatına görə, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək oyununa baş hakim təyin edilən belaruslu Aleksey Kulbakovun 32 yaşı var.

1979-cu ilin dekabrın 27-də Qomeldə doğulan referi ilk dəfə millimizin oyununu idarə edəcək. Adını ölkəsinin futbol tarixinə qızıl hərflə yazdıran Kulbakov 2005-ci ildən, yəni 26 yaşında FİFA referisi dərəcəsini daşıyır.

Bu adı erkən alan Alekseyin yetərincə beynəlxalq təcrübəsi var. O, bütün rəsmi matçlarını nəzərə alsaq, 81 oyun idarə edib ki, bunun yarıdan çoxu (53) Belarus çempionatında olub. Kulbakov ümumilikdə 283 sarı vərəqə göstərib ki, bu da hər oyuna orta hesabla 3-dən çoxdur.

Aleksey 9 dəfə 2-ci sarı, 8 dəfə isə birbaşa qırmızı vərəqə göstərməklə, futbolçuları meydandan qovub. Yəni onu yetərincə sərt hakim saymaq olar.

Onun avrokubokların cari mövsümündə yeganə idarə etdiyi oyunda “Zalsburq” Avstriyada “Zenitsa”nı (Polşa) məğlub edib. Kulbakov Avroliqanın III təsnifat mərhələsindəki həmin oyunda 5 sarı vərəqə göstərib ki, bunlardan biri sonradan “qırmızı”ya çevrilib.

Qeyd edək ki, Alekseyin Belarus çempionatında debütü 2008-ci ilin aprelin 6-da “Soliqorsk” – “Torpedo” (Jodino) oyunu olub. FİFA hakimi meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəldiyi həmin görüşdə onlardan 1, qonaqlardan 3 futbolçuya sarı vərəqə göstərib.