Vəli Qasımov: Yığmamız Portuqaliya və Rusiya millisindən xal ala bilər
08.08.2011 - 15:32
Vəli Qasımov: Yığmamız Portuqaliya və Rusiya millisindən xal ala bilər
“Makedoniya ilə görüşə yaxşı hazırlaşmışıq. İnanıram ki, avqustun 10-da baş tutacaq matçda baxımlı oyun sərgiləyə biləcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının məşqçisi Vəli Qasımov deyib.

Qasımov millimizin DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərini də dəyərləndirib. Onun fikrincə, Rusiya və Portuqaliya qrupun favoritidir: “Əlbəttə ki, Rusiya və Portuqaliya çox güclü futbol ölkəsidir. Mən bu ölkənin hər ikisində futbol oynamışam. Onları təmsil edən futbolçuların gücü hamıya məlumdur. Rusiya və Portuqaliya qrupun favoriti olsa da, hər ikisindən xal ala bilərik”.

Məşqçinin fikrincə, komandamızın yer aldığı qrup gücümüzə uyğundur: “Azərbaycan millisi münasib qrupa düşüb. Ümumiyyətlə, indiki vəziyyətdə dünya futbolunda zəif rəqib qalmayıb. Komandalar arasındakı əvvəlki uçurum yoxdur. Əgər bu qrupa düşməsəydik, məcburən digər komandalarla mübarizə aparmaq lazım gələcəkdi. Odur ki, öz qrupumuzla razılaşıb, oyunlara hazırlaşmalıyıq. Oyunlara əvvəlcədən proqnoz vermək düzgün deyil. Zənnimcə, oyun öncəsi əhval-ruhiyyə nəticəyə birbaşa təsir göstərir. Deyərdim ki, bu gün Azərbaycan yığması istənilən rəqiblə başabaş mübarizə aparmaq gücündədir”.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsində F qrupunda Rusiya, Portuqaliya, İsrail, Şimali İrlandiya və Lüksemburqla mübarizə aparacaq. Qasımov bu rəqiblərin hamısına eyni gözlə baxdığını deyib: “Bütün diqqəti Portuqaliya və Rusiya komandalarına yönəldib digərlərini yaddan çıxarmaq olmaz. Çünki o biri qarşılaşmalar da bizim üçün son dərəcə əhəmiyyətlidir”.

Qeyd edək ki, veteran hücumçu vaxtilə Rusiya, İspaniya və Portuqaliya kimi futbol ölkələrinin milli çempionatında çıxış edib.