“Kəpəz” - 2404 gündən sonra oxşar qələbə
08.08.2011 - 15:48
“Kəpəz” - 2404 gündən sonra oxşar qələbə
“Kəpəz”ə Azərbaycan çempionatında növbəti oyununu keçirmək üçün 2420 gün gözləmək lazım gəldi. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi mövsümlərarası fasilədə qaytardığı bu adla sonuncu görüşünü 2004/05 mövsümünün I dövrəsinin son turunda 0:2 hesabı ilə uduzduğu “Xəzər Lənkəran”la səfər oyununda keçirmişdi.

Bu, 2004-cü ilin dekabrın 21-də, yəni 2420 gün əvvəl olmuşdu. “Kəpəz” həmin mövsümün dövrlərarası fasiləsində adını dəyişdirərək, çıxışını “Gəncə” ilə davam etdirdi.

Ona bütün titulları (3 çempionluq, 4 ölkə kuboku) qazandıran “Kəpəz” adını qaytarmaq komandaya düşərli oldu. Belə ki, gəncəlilər yubiley – 20-ci çempionatımızın elə ilk turunda debütant “Rəvan”la ev oyununda 3:2 hesabı ilə qalib gələrək, uzun marafona 3 xalla başladı.

Komanda “Kəpəz” adında son qələbəsini 2004-cü ilin dekabrın 5-də, 2404 gün öncə Bakıda “Karat” üzərində qazanmışdı - 3:2. Maraqlıdır ki, onda da rəqib debütant, qələbə eyni hesablı idi.

Mehman SÜLEYMANOV