Mirça Rednikin siftəsi
15.08.2011 - 10:45
Mirça Rednikin siftəsi
Mirça Rednik “Xəzər Lənkəran”ın baş məşqçisi postunda ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, 49 yaşlı rumıniyalı mütəxəssis ikinci mövsümdür çalışdırdığı komandanın “sükanı arxası”nda ilk böyük hesablı səfər qələbəsini qazanıb. Bu, Premyer Liqanın II turunda AZAL-la Şüvəlandakı oyunda reallaşdı – 3:0.

Ümumiyyətlə, “ağ-yaşıllar” Rednikin rəhbərliyi altında nadir hallarda rəqibini darmadağın edir. Komanda ötən mövsüm ölkə kubokunda buna nail ola bilməsə də, çempionatda 2 dəfə böyük hesablı qələbəyə sevinib.

Maraqlıdır ki, cənub təmsilçisi sonuncu böyük hesablı qələbəsinə də məhz AZAL üzərində nail olmuşdu. Ötən çempionatın “altılığ”ında - aprelin 23-də baş tutan qarşılaşmada “təyyarəçilər”in qapısına 3 cavabsız top vurulmuşdu.

Rumıniyalı mütəxəssisin “Xəzər Lənkəran”da ilk böyük hesablı qələbəsi ötən çempionatın I dövrəsində sentyabrın 12-də olub. Həmin vaxt Lənkəranda MOİK üzərində 3:0 hesablı qələbə qeydə alınmışdı.

Redniki AZAL-la son 2 oyunda sevindirən Emeka Opara olub. Avroliqada şanslarını sağa-sola xərcləyən nigeriyalı hücumçu Lənkəranda “təyyarəçilər”ə 1 qol vurmuşdusa, Şüvəlanda dubl etdi.

“Xəzər Lənkəran”ın sonuncu səfər qələbəsinə gəlincə, bu, hələ Ağasəlim Mircavadovun baş məşqçiliyi dövründə qazanılmışdı. Söhbət 2009/10 mövsümündə “Bakı” ilə çempionat oyunundan gedir. Komanda 2009-cu ilin noyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda da 3:0 hesabı ilə qalib gəlmişdi. Lənkəranlılar bundan 623 gün sonra səfər qələbəsini də Bakıda qazandı.

Qeyd edək ki, Rednikin “Xəzər Lənkəran”da yeganə böyük hesablı məğlubiyyəti də səfərdə olub. Onda komanda ötən mövsümdə ilk məğlubiyyətini Gəncədə eyni komanda ilə görüşdə 1:4 hesabı ilə aldı.

Mehman SÜLEYMANOV