“Demədiyim sözləri oxuyanda, hirsləndim”
15.08.2011 - 15:16
“Demədiyim sözləri oxuyanda, hirsləndim”
“Xəzər Lənkəran”ın yeni futbolçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”a gözlənilməz keçidinizlə diqqət mərkəzinə düşdünüz. Bu variant necə yarandı?
- Təklif aldım, danışdıq, razılaşdıq və müqavilə bağladıq. Buna görə şadam. “Xəzər Lənkəran” yaxşı komandadır, qarşısına ciddi məqsədlər qoyub. Mən də belə iddialı komandada oynamaq istədiyimdən, arzuma çatdım.

- Lənkəran klubu sizə mövsüm bitəndən sonra təklif etmişdi, yoxsa hər şey son 1 həftədə həll olundu?
- Yox, az öncə. Buna qədər “Xəzər Lənkəran”dan dəvət almamışdım.

- Mövsüm bitəndən sonra “İnter”ə keçmək variantınız vardı. Hücumçu axtarışında olan bu komanda sizinlə maraqlanırdı. Keçidiniz niyə baş tutmadı?
- Düzdür, “İnter”ə keçmək variantı var idi. Danışıq aparırdıq, keçidi müzakirə edirdik. Ancaq ortaq məxrəcə gəlmədik.

- Bəs Drezden “Dinamo”su və Qyoko Hacıyevskinin çalışdırdığı Səudiyyə Ərəbistanının “Najran” klubuna baş tutmayan transferlər haqda nə deyə bilərsiniz?
- “Dinamo” ilə yalnız danışıq oldu. Elə ərəblərlə də keçidlə bağlı danışıq aparırdıq. Onlarla da müqavilə məsələsini müzakirə etsək də, sonra razılığa gəlmədik, vəssalam. Ərəbistanda yaşamaq çətindir. Sadəcə, mənə yaxın insan olan Hacıyevski dəvət göndərmişdi. Məni yeni komandasına çağırdı. Təcrübəli futbolçu kimi köməyimə ehtiyac duydu. “Xəzər Lənkəran”la da danışıq aparırdıq və sonda bu komanda ilə razılaşdıq. Hesab edirəm ki, seçimdə yanılmamışam.

- Siz Ərəbistanda, Hacıyevskinin komandasının düşərgəsində olmuşdunuz?
- Mənim Ərəbistanda olub-olmamağım vacib məsələ deyil. Gəlin, başqa şeylər haqda danışaq. Əsas odur ki, indi burdayam, müqavilə bağladım və yenidən Azərbaycanda oynayacağam. Hər şey normaldır və irəli gedirik.

- Mövsüm bitəndən sonra saytımıza müsahibənizdə demişdiniz ki, karyeranızı ölkəmizə davam etdirmək istəyirsiniz. Yəni, son anadək ümidinizi itirməmişdiniz?
- Bəli, “Qəbələ”dən gedəndən sonra Azərbaycanda qalmaq istəyirdim. Bəzi variantlar da vardı.

- “Xəzər Lənkəran”a keçmək üçün əsas stimul nə idi?
- Bilmirəm. Oturduq, danışdıq, hər şeyi müzakirə etdik və razılaşdıq. Bir sözlə, hər şey qaydasındadır. Üstəlik, “Xəzər Lənkəran”ın yaxşı azarkeşləri var. Hamı bilir ki, Azərbaycanda ən çılğın azarkeşlər Lənkərandadır. Onlar “Xəzər Lənkəran”ın oyunlarında stadionu doldurur və doğma komandalarını dəstəkləyirlər. Futbolçuya belə ab-havada oynamaq xoşdur.

- Siz Bakıda yaşayıb, oynamağı öyrəşmisiniz. Qəbələdə darıxırdınız. Lənkəran da əyalətdir. Bu baxımdan çətinliyiniz olmayacaq?
- Heç nə olmaz. Baxaq görək, necə olacaq. Biz futbolçuyuq, işimiz budur. Müqavilə bağladığın klubun uğurları üçün çalışmalısan.

- “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Redniklə söhbətiniz olubmu? O, sizə nəsə deyib?
- Rednik məni tanıyır. Onunla bir az danışdıq. Zədəmlə bağlı soruşdu. Bu baxımdan problem olmadığını dedim. İndi hər şey yaxşıdır.

- Bəs oynamağa nə vaxt tam hazır olacaqsınız?
- Mən artıq hazıram. Komandanın məşqində var-gücümlə çalışıb, əsas heyətdə yer almağa layiq olduğumu göstərə bilərəm. Ancaq son söz baş məşqçiyə məxsusdur. O, nə vaxt desə, onda da oynayacağam.

- Onu da nəzərə alaq ki, “Xəzər Lənkəran”ın mövsümə hazırlığında iştirak etməmisiniz. Yeni komandaya uyğunlaşmağınız üçün vaxt lazım olacaq. Bu, sizə problem yaratmayacaq?
- Yox. Mən bura gələnə kimi hazırlıq keçmişəm. İnanıram ki, “Xəzər Lənkəran”da hər şey normal olacaq.

- Mövsümlərarası fasilədə harada məşq etmisiniz?
- Bu da vacib deyil. Əsas odur ki, hazıram.

- Özünüzü formada hiss edirsiniz?
- Bəli. Yaxşı formada olduğumu düşünürəm. “Xəzər Lənkəran”a kömək edə bilərəm.

- “Neftçi”də oynayarkən, nə vaxtsa “Xəzər Lənkəran”da çıxış edəcəyinizi ağlınıza gətirərdiniz?
- Bu sual düzgün deyil. Biz peşəkar futbolçularıq. Bu gün bir, sabah başqa komandada ola bilərik.

- Sizin üçün “Neftçi” ilə oyunlar prinsipial olacaqmı?
- Mənim üçün bütün oyunlar prinsipial olacaq. “Xəzər Lənkəran”la “Neftçi” arasında oyunlar həmişə prinsipial olub.

- Mətbuata belə açıqlama vermisiniz ki, “Neftçi” azarkeşləri məndən inciməsinlər...
- Elə söz deməmişəm. Fikirlərim təhrif olunub. Demədiyim sözləri oxuyanda, hirsləndim.

- Bəs indi “Neftçi” azarkeşlərinizə sözünüz varmı?
- Gəlin, bu mövzunu bağlayaq. Daha danışmaq istəmirəm.

- Vətəniniz Serbiyada əsas derbi “Srvena Zvezda” və “Partizan” arasındakı oyunlar sayılır. Siz də birincilərin heyətində oynayarkən, derbinin iştirakçısı olmusunuz. “Neftçi” – “Xəzər Lənkəran” görüşünü bu derbiyə bənzətmək, onunla müqayisə etmək olar?
- “Srvena Zvezda” – “Partizan” tarixi derbidir. Artıq neçə müddətdir, 40 ildir Serbiyanın bu 2 aparıcı komandası arasında oyunlar gərgin, maraqlı mübarizə şəraitində keçirilir. Azərbaycanda isə derbilər çoxdur. Bu, təkcə “Neftçi” – “Xəzər Lənkəran” deyil. “Neftçi” – “Bakı”, “Xəzər Lənkəran” – “İnter”, “Qarabağ” – “Neftçi” oyunları da derbi, prinsipial oyunlardır. Bunların hamısı yaxşı komandalardır.

- “Xəzər Lənkəran”da əsas məqsədiniz nə olacaq? Cari mövsümdə bu komanda ilə nəyə nail olmaq istəyirsiniz?
- İlk növbədə çempion olmaq istəyirəm.

- Yeri gəlmişkən, Azərbaycanda xeyli müddətdir oynasanız da, hələ buna nail ola bilməsiniz...
- Bəli. Ancaq çempionluq haqda danışmaq tezdir. “Xəzər Lənkəran” hər 2 oyunda qalib gəlib lider olsa da, hələ çempionat yeni başlayıb. Əsas məsələ daha çox qələbə qazanmaqdır, sonrasını zaman göstərəcək. Əlbəttə, qarşıma ən yüksək məqsəd qoymuşam.

- Təbii ki, milli komandaya qayıtmağı da fikirləşməlisiniz...
- Bəli, Azərbaycan yığmasına qayıtmağı da qarşıma məqsəd qoymuşam. Bunun üçün yaxşı forma yığmaq istəyirəm.

- Milliyə qayıdışınızı real sayırsınız?
- Bəli. Mən hələ ötən mövsüm “Qəbələ”də oynayanda, millidən dəvət almışdım. Ancaq təəssüf ki, həmin vaxt 2 dəfə zədə problem hazırlığa qatılmağa imkan vermədi. Sonradan da dəvət edirdilər, sadəcə, danışdıq ki, hələlik komandam olmadığından, bunu sonraya saxlayaq. Mən Azərbaycan yığmasına dönüb, yenidən bu formada oynamağı çox istəyirəm. Fikrimcə, öz oyunumla milliyə layiqli olduğumu sübut edəcəyəm.

- Azarkeşlər əvvəlki Subaşiçi görə biləcəklərmi?
- Bəli-bəli. Əlbəttə, belə olmalıdır və mən də bunu istəyirəm. Əsas məsələ sağlamlığındır. Zədə problemim olmasa, buna əminəm.

Mehman SÜLEYMANOV