Bahodir Nasimov: Qələbə qolunu atama həsr edirəm
15.08.2011 - 15:49
Bahodir Nasimov: Qələbə qolunu atama həsr edirəm
“Valideynlərimi Bakıya dəvət etmişdim. Atam “Rəvan”la oyunu stadiondan izləyirdi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”ni hücumçusu Bahodir Nasimov deyib.

O bildirib ki, Premyer Liqanın II turunda vurduğu qolu atasına həsr edib: “Qələbə qolunu atama həsr edirəm. Əsas 3 xalı qazanmaq idi. Çox şadam ki, baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında keçirdiyimiz ilk oyunda qələbə qazandıq. Çalışacağıq ki, onun bizdən tələb etdiyi sistemə uyğunlaşaraq, bundan sonrakı görüşlərdə də yaxşı nəticə əldə edək".

Özbəkistan milli komandasının futbolçusu oyunun çətin keçdiyini də bildirib: “Rəvan”la oyun çox ağır oldu. Əslində, mövsümün ilk oyunları həmişə çətin keçir. Lakin bir tərəfdən də saat 18:00-da, 40 dərəcə istidə oynamaq çətinlik yaradırdı”.

Forvard “Neftçi”nin çempionluq titulunu qoruyacağına inandığını deyib: "Fikrimcə, bu mövsüm 5-6 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bununla belə, çalışacağıq ki, bütün oyunlardan xal qazanıb, çempionluq titulunu qoruyaq".

Qeyd edək ki, ötən mövsüm “Neftçi”nin ən yaxşı bombardiri “Rəvan”la görüşün 17-ci dəqiqəsində başla gözəl qol vurub.