Branimir Subaşiç: Yaşayarıq, görərik
15.08.2011 - 23:01
Branimir Subaşiç: Yaşayarıq, görərik
“Qəbələ”nin bir neçə yaxşı transferi olub. Ancaq mən buna diqqət yetirmirəm. Fikrimi indiki komandama yönəltmişəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında millimizin sabiq futbolçusu Branimir Subaşiç deyib.

Ötən mövsümün sonunda “Qəbələ” ilə yollarını ayıran 29 yaşlı serbiyalı hücumçu karyerasını ölkəmizdə davam etdirəcək. “Xəzər Lənkəran”la 1,5 illik müqavilə bağlayan Branimir cari mövsümdə daha güclü “Qəbələ” ilə üzləşəcək.

Hər halda, qəbələlilər mövsümlərarası fasilədə heyətini xeyli gücləndirib və Subaşiçin keçmiş komandası çempionluq uğrunda mübarizədə əsas rəqiblərindən olacaq: “İndidən heç kim deyə bilməz ki, qarşıda nə olacaq. Hər şeyi zaman göstərəcək, yaşayarıq, görərik”.

Hücumçu Qəbələdə süni örtüklü meydançada oynamaqdan əziyyət çəkdiyini, buna görə zədə aldığını deyirdi. Lənkəranda stadionunda da hazırda qazon yaxşı deyil və nəticədə Azərbaycan – Qazaxıstan rəsmi oyunu planlaşdırıldığının əksinə cənubda keçirilməyəcək.

Maraqlıdır ki, Subaşiç kimi texnikalı hücumçu yenə qazon problemi ilə üzləşməyəcək ki? “Yox. Bu, oyunuma təsir göstərməz. İstənilən halda, süni meydanla təbii ot örtüyü fərqlənir. Bunlar tam fərqlidir. Lənkəranda qazon təbii ot örtüyündəndir”.

Qeyd edək ki, Branimir “Qəbələ”nin heyətində ötən çempionatda 19 oyunda 2 qol vurub.

Mehman SÜLEYMANOV