Bermud üçbucağı
15.08.2011 - 16:59
 Bermud üçbucağı
Cari mövsümdən Azərbaycan Premyer Liqasına qayıdan 3 mütəxəssis xeyli fasilədən sonra müəyyən nəticələrə imza atıblar. Apasport.az saytının məlumatına görə, Böyükağa Hacıyevlə Əsgər Abdullayev II turda qələbəyə seviniblərsə, Elxan Abdullayev böyük hesablı məğlubiyyətə üzüldü.

Hacıyev “Neftçi”nin baş məşqçisi kimi debütünü qələbə ilə qeyd etdi. Mövsümə səfərdə debütant “Rəvan”ı məğlub etməklə (1:0) başlayan “ağ-qaralar”ın 53 yaşlı çalışdırıcısı bunadək sonuncu qələbəsini 2 il öncə, daha dəqiq desək, 455 gün əvvəl qazanmışdı. Bu, Hacıyevin “Standard”ı çalışdırdığı vaxtda, 2009/10 mövsümünün axırıncı turunda qeydə alınmışdı.

Sumqayıt təmsilçisi 2009-cu ilin mayın 16-da Zaqatalada “Simurq”u darmadağın etsə (4:0) də, Premyer Liqada yerini qoruya bilmədi. Nəticədə “Standard” I diviziona düşdü, Hacıyev də komandadan ayrıldı.

Hacıyevin 2005/06 mövsümünün sonuna 8 tur qalmış “Bakı”nın baş məşqçisi postunda əvəzlədiyi Əsgər Abdullayev “Turan”ın “sükanı arxası”nda ilk qələbəsini 2-ci oyununda qazandı. 51 yaşlı mütəxəssis “Kəpəz”lə Tovuzda keçirdikləri Qərb derbisində əzmkar qələbəyə (3:1) sevindi.

Maraqlıdır ki, Abdullayev bunadək sonuncu qələbəsini “Olimpik-Şüvəlan”in çalışdırıcı kimi məhz Hacıyev üzərində qazanmışdı. Bu, 2008/09 mövsümündə “Standard”la səfər matçında 1:0 hesablı qələbədir. 2009-cu ilin noyabrın 1-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilən həmin görüşdən 650 gün ötür.

Elxan Abdullayevin rəhbərlik etdiyi AZAL isə II turda evdə “Xəzər Lənkəran”a böyük hesabla uduzdu – 0:3. 6 illik fasilədən sonra baş məşqçi kimi milli çempionatımıza qayıdan Abdullayev “Qarabağ”ı çalışdırdığı yarım ildə (2005/06 mövsümünün ilk dövrəsində) böyük hesabla yenilməmişdi. 41 yaşlı çalışdırıcı sonuncu dəfə belə məğlubiyyəti hələ “Dinamo”da işlədiyi vaxt Hacıyevin indiki komandasından alıb. Bu, 2003/04 mövsümündə “Neftçi”yə evdə 2:5 hesablı məğlubiyyətdir. 2003-cü ilin iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionundakı həmin görüşdən 2922 gün keçir.

Göründüyü kimi, “üçlüy”ün qazandığı nəticələrdə bir-birilərinə və komandalarına bağlı məqamlar var.

Qeyd edək ki, Ə.Abdullayev vaxtilə milli komandamızda baş məşçi, Hacıyevlə E.Abdullayev məşqçi işləyiblər.

Mehman SÜLEYMANOV