“Neftçi” “Dalğa Arena”ya köçdü
16.08.2011 - 09:48
“Neftçi” “Dalğa Arena”ya köçdü
“Neftçi” ev oyunları bir müddət Tofiq Bəhramov adına Respublika stadionunda keçirə bilməyəcək. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” rəqiblərini Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.

Bu da 60 illik yubileyini qeyd etməyə hazırlaşan Respublika stadionunda yenidənqurma işləri ilə əlaqədardır. Məhz bu üzdən mərkəzi arena bir müddət təmirə bağlanacaq və milli komandamız Makedoniya ilə yoldaşlıq matçını olduğu kimi, Avro-2012-in seçmə mərhələsində Avstriya ilə rəsmi görüşünü “Dalğa Arena”da keçirəcək. FİFA-nın qəbul etdiyi bu arena süni örtüklü qazona malikdir.

Qeyd edək ki, “Dalğa Arena”da ilk çempionat oyunu ötən tur çərçivəsində bazar günü keçirildi. Premyer Liqanın debütantı olan “Rəvan” ev oyunlarını bu stadionda keçirməyə qərar verdi. Maraqlıdır ki, onun debütdə rəqibi məhz “Neftçi” idi və flaqman cari mövsümə səfərdə “Dalğa Arena”da qələbə (1:0) ilə başladı.