Əfran İsmayılov: Bu, yalnız bizə məxsusdur
16.08.2011 - 15:55
Əfran İsmayılov: Bu, yalnız bizə məxsusdur
“Yubiley çempionatının start oyununda "İnter"lə görüşdük. Mən və digər 3 əsas futbolçu bu görüşdə meydançaya çıxa bilmədik. Amma yoxluğumuz elə də hiss olunmadı. Çünki "Qarabağ" fərdlərdən təşkil olunsa da, kollektiv oyun nümayiş etdirir". Bu sözləri apasport.az saytına açıqlamasında "Qarabağ" klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

O bildirib ki, hansısa elita təmsilçisi 4 əsas futbolçusu olmadan "İnter"lə görüşdə qələbə qazana bilməzdi: “Mövqeyimdə mübarizə aparan Bəxtiyar Soltanov "Bakı"da çox az oynayırdı. Amma "Qarabağ"a gəldikdən sonra şans qazandığı görüşlərdə yaxşı təsir bağışlayır. Qurban Qurbanovda elə bir istedad var ki, o digər komandada ehtiyat oyunçu olmuş futbolçuya yenidən həyat verməyi bacarır. Əgər bir başqa klub 4 əsas futbolçusu olmadan "İnter"lə mübarizə aparsaydı, yəqin ki, qalib gələ bilməzdi. Fikrimcə, bu, xüsusiyyət yalnız “Qarabağ”a məxsusdur”.

İsmayılovun fikrincə, Ağdam klubunda əsas və əvəzedici futbolçu anlayışı yoxdur: "Biz hamımız "Qarabağ"ın uğur qazanmasını arzulayırıq. Çünki bizdə kollektiv ruhu formalaşıb. Bunu Qurban Qurbanov bizim beynimizə yeridib. Komandamızda bir futbolçu digərini layiqincə əvəzləməyi bacarır. Odur ki, "Qarabağ"da əsas və əvəzedici futbolçu anlayışı yoxdur".

Azərbaycan-Makedoniya komandaları arasında yoxlama görüşündə zədələnən futbolçu özünü yaxşı hiss etdiyini söyləyib: "Məndə ciddi problem yoxdur. Özümü yaxşı hiss edirəm. Artıq məşqlərimi bərpa etmişəm. İnanıram ki, "Kəpəz"lə səfərdə keçirilən oyunda meydançaya çıxa biləcəyəm. Yüngül zədəni müalicə etdirməklə yanaşı, həm də yaxşı dincəlmişəm. Avrokubok oyunlarından sonra buna çox ehtiyacım vardı. İndi özümü daha gümrah hiss edirəm və yaxşı formada qayıdacağam".

Qeyd edək ki, Əfran İsmayolovla yanaşı, Vüqar Nadirov, Rəşad Sadiqov və Maksim Medvedev də "İnter"ə qarşı görüşdə forma geyinmədilər. Amma "Qarabağ" rəqibi üzərində 1:0 hesablı qələbə qazanmağı bacardı.