“Kəpəz”lə oyun tarix baxımından da maraqlıdır”
18.08.2011 - 16:24
“Kəpəz”lə oyun tarix baxımından da maraqlıdır”
“Kəpəz”lə oyuna çoxsaylı itkilərlə hazırlaşırıq. Bu da istər-istəməz hazırlığımıza təsir göstərir. Amma inanıram ki, futbolçular bu boşluğu aradan qaldıracaqlar”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Namiq Yusifov deyib.

Rəşad Sadioqvun yoxluğunda kapitan sarğısını daşıyan yarımmüdafiəçi Premyer Liqanın növbəti turunda “Kəpəz”lə səfər oyunu öncəsi komandasındakı son durum və rəqibi dəyərləndirib: “Gəncədə meydana çıxanlar ən yaxşısını edəcəklər. Konkret kimisə fərqləndirmək düzgün olmazdı. Bizdə meydana kim çıxırsa, sonadək mübarizə aparır. Axı rəqibimiz də yetərincə vuruşan komandadır. Evdə güclü azarkeş dəstəyi ilə oynayacaqlar”.

Futbolçu klubun saytına açıqlamasında bildirib ki, gəncəlilərlə keçən mövsümkü oyunlar da çətin alınıb: “Turan” uduzduqlarına görə məğlubiyyəti unutdurmaq istəyəcəklər. Həm də demək olar ki, Premyer Liqada zəif komanda qalmayıb. İlk 2 turdakı nəticələr də bunu göstərir. Oyun tarix baxımından da maraqlıdır. “Qarabağ” – “Kəpəz” oyunu həmişə maraqlı olması ilə yadda qalıb. İnanıram ki, sonda sevinən tərəf biz olacağıq”.

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” oyunu avqustun 21-də saat 17:00-da keçiriləcək.