“Bizi rəqiblərin adı qorxutmur”
18.08.2011 - 23:23
“Bizi rəqiblərin adı qorxutmur”
“Oyun çətin olacaq. Axı “Bakı” ilə matç paytaxt derbisidir”. Apasport.az saytının xəbərinə görə, bunu “İnter” klubunun futbolçusu Şəhriyar Rəhimov deyib.

“Bankirlər” Premyer Liqanın III turu çərçivəsində sabah “Bakı” ilə qarşılaşacaq. Oyunla bağlı klubun saytına açıqlamasında Rəhimov bildirib ki, rəqibin adı onları qorxutmur: “Bu komanda yüksək yerlər uğrunda mübarizədə bizim birbaşa rəqibimizdi. Son turda biz “Qarabağa məğlub olduq. Bu, bizi “Bakı” ilə oyunda meydana yalnız qələbə üçün çıxmağa vadar edir. Belə ki, biz liderləri önə buraxmaq istəmirik. Mövsümlərarası dövrdə “Bakı” kifayət qədər tanınmış təcrübəli futbolçularla gücləndi, lakin bizi rəqiblərin adı qorxutmur. Komandamızda çox şeyi haqq edən gənc, qabiliyyətli futbolçular cəmləşib”.

Qeyd edək ki, “İnter” – “Bakı” görüşü saat 21:00-da, “Şəfa” stadionunda keçiriləcək.