Araz Abdullayevə 2 gündə 2 müştəri çıxdı
19.08.2011 - 11:17
Araz Abdullayevə 2 gündə 2 müştəri çıxdı
“Everton”un futbolçusu Araz Abdullayev Azərbaycanın 2 millisindən dəvət alıb. Apasport.az saytının məlumatına görə, 19 yaşlı yarımmüdafiəçinin adı son 2 gündə həm əsas, həm də 21 yaşlılardan ibarət yığmamızın (U-21) açıqladığı siyahıda yer alıb.

Özü də bunu almaniyalı baş məşqçilər – Berti Foqtsla Bernard Lippert edib. Lippert Arazı yeni seçmə mərhələdə sentyabrın 1-də İngiltərə, 6-da Belçika ilə səfər matçlarına çağırıb. O, avqustun 22-də Almaniyanın Ştutqart şəhərinə təlim-məşq toplanışına yollanacaq U-21-in heyətində yer alıb.

Abdullayevin bundan 1 gün sonra Foqtsdan dəvət aldı. Düzdür, o, hələ rəsmi oyunlara olmasa da, avqustun 22-dən 24-dək Bakıda təlim-məşq toplanışında sınanacaq. Bu isə o deməkdir ki, Araz U-21-in heyətində Almaniyaya hazırlığa yollana bilməyəcək. Foqts Avro-2012-in seçmə mərhələsində Belçika və Qazaxıstanla ev oyunlarımıza açıqladığı siyahıda da Arazın adını göstərərsə, futbolçu avtomatik gənclər yığmamızın rəsmi görüşlərində iştirak edə bilməyəcək.

Foqts bir vaxtlar yığmadan kənarlaşdırdığı Abdullayevi sonradan ara-sıra qaytarıb. Almaniyalı mütəxəssis sol cinah yarımmüdafiəçisini apreldə vətəninə tibbi müayinəyə apardı, bundan 1 ay sonra Bakıda təlim-məşq toplanışında sınadı. Ancaq Qazaxıstan və Almaniya ilə rəsmi matçlardan kənarda qalan Araz sonuncu dəfə bu ilin martın 29-da Belçika ilə səfər oyununda millinin sıralarında olub.

O, 1:4 hesabı ilə uduzduğumuz Brüsseldəki həmin rəsmi görüşdə sona kimi ehtiyat oyunçular skamyasında yer alıb.

Mehman SÜLEYMANOV