Kaxaber Sxadadze “İnter”i vətəninə aparır
19.08.2011 - 13:27
Kaxaber Sxadadze “İnter”i vətəninə aparır
Bakının “İnter” klubu Gürcüstana yollanacaq. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi milli komandaların rəsmi oyunları ilə əlaqədar qonşu ölkədə təlim-məşq toplanışına keçəcək. “Bankirlər” növbəti həftə Tiflisə 10 günlük hazırlığa gedəcək.

Əslində, gələn həftə Premyer Liqada IV turun oyunları olacaq və “İnter”in bunadək xaricə getməyi çoxlarında təəccüb doğura bilər. Ancaq məsələ ondadır ki, komandanın avqustun 27-də “Sumqayıt Şəhər”lə səfər oyunu təxirə salınıb. Bu da rəqibin heyətində bir sıra futbolçuların 17 yaşlılardan ibarət yığmamızın heyətində Litvanın Palanqa şəhərinə beynəlxalq turnirə yollanmağı ilə bağlıdır. Bununla da “İnter” istirahətə çoxlarından tez, “Bakı” ilə sabahkı ev oyunundan sonra çıxacaq.

Gürcü baş məşqçi Kaxaber Sxadadze komandasını avqustun 25-də vətəninə aparacaq. Orada 2 yoxlama oyunu keçirmək planlaşdırılıb. Ancaq hələlik rəqib tapılmayıb və bunun yerində reallaşacağı gözlənilir.

Qeyd edək ki, Premyer Liqamızda yığmaların rəsmi oyunlarından sonrakı tura sentyabrın 10-da start veriləcək. “İnter” həmin gün “Simurq”u qəbul edəcək.

Mehman SÜLEYMANOV