“Kim necə istəyirsə, elə də fikirləşsin”
19.08.2011 - 13:42
“Kim necə istəyirsə, elə də fikirləşsin”
“Bakı” klubunun və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının müdafiəçisi Novruz Məmmədovun apasport.az saytına müsahibəsi

- “Muğan” və 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində uğurlu çıxışla diqqət çəkib, mövsümlərarası fasilədə “Bakı”ya keçdiniz. Yeni komandada özünüzü necə hiss edirsiniz?
- Transferimdən xeyli vaxt keçib. Həm klub rəhbərliyi, həm də futbolçular məni yaxşı qarşıladılar. Burda özümü çox yaxşı hiss edirəm. Təlim-məşq toplanışlarında komanda ilə birlikdə oldum. Demək olar, tam uyğunlaşmışam. Bunun nəticəsidir ki, komandada hər şey yaxşıdır.

- Amma nədənsə “Bakı” həm hazırlıq görüşlərində, həm də Premyer Liqa oyunlarında qol vura bilmir...
- Hazırlıq qarşılaşmalarının nəticəsi əhəmiyyətli deyil. Çempionata gəlincə, qol imkanlarımız olur, amma vura bilmirik. Buna baxmayaraq, komandada yaxşı əhval ruhiyyə var. Hər oyuna qələbə qazanmaq əzmi ilə çıxırıq. Çalışacağıq ki, qarşıdakı turlarda şanssızlığa son qoyaq.

- Qələbə qazana bilməməyinizi komandaya yeni qoşulan futbolçuların çoxluğu ilə əlaqələndirmək olarmı? Bəlkə həm komandaya, həm də ölkəmizə uyğunlaşmaqda çətinlik çəkirlər...
- Elə deməzdim. Çünki futbolçuların əksəriyyəti 2-3 aydır komanda ilə birlikdə məşq edir. Bundan əlavə, yeni gələnlərə çempionat və ölkəmiz haqda ətraflı məlumat verilir. Məncə, hər şey qabaqdadır, səbirli olmaq lazımdır. “Bakı” qarşıdakı oyunlarda öz sözünü deyəcək.

- Arxada qalmış 2 oyun haqda nə deyə bilərsiniz? Komandanız niyə qələbə qazana bilmədi?
- Bunu bəxtsizliklə əlaqələndirərdim. “Qəbələ” ilə bərabər səviyyədə oyun getdi. Həm bizim, həm də onların qol vurmaq imkanları oldu. “Simurq”la matçda isə bəxt bizdən üz döndərmişdi. Özünüz də gördünüz ki, 11 metrlik cərimə zərbəsindən də istifadə edə bilmədik.

- “Bakı”ya gələndə çoxları ehtiyatda qalacağınızı düşünürdü. Ancaq hər iki qarşılaşmanın start heyətində yer aldınız...
- Bəli, bu, mənim ehtiyatda qalacağımı güman edənlərə yaxşı cavab oldu. Niyə belə fikirləşirlər, bilmirəm. Məgər “Muğan”ın heyətində zəif təsir bağışlayırdım? Kim necə istəyirsə, elə də fikirləşsin. Əsas odur ki, öz üzərimdə çalışıram və əsas heyətdə yer almaq üçün mübarizəmi davam etdirəcəyəm.

- Komandanızın kapitanı Cəmşid Məhərrəmov da çıxış etdiyiniz mövqedə oynayır. Bəlkə bu səbəbdən rəqabətdə uduzacağınızı düşünüblər?
- Cəmşid mənim kapitanımdır. Özünü sübut etmiş futbolçudur. İstər məşqlərdə, istərsə də oyun zamanı təcrübəsini mənimlə bölüşür, dəstək olur, məsləhətlər verir. Əsas heyətdə oynamağa gəlincə, bu, artıq baş məşqçinin işidir.

- Yəni, rəqabətə tam hazırsınız?
- Təbii ki. Nəyəsə nail olmaq üçün mütləq mübarizə aparmaq lazımdır. Komandadakı rəqabətə tam hazır olduğumu düşünürəm.

- Qurduğu heyətə görə “Bakı” qızıl medallara əsas namizədlərdən sayılır. Komandanızın çempionluq şansını necə dəyərləndirəsiniz?
- Əsas məqsədimiz qızıl medallara yiyələnməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik. “Bakı” ilə ilk titulumu qazanmaq istəyirəm.

- Etiraf edək ki, digər komandalar da yaxşı heyət qurublar...
- Düzdür, məncə, cari çempionat daha çətin keçəcək. Çünki komandalarımız əksəriyyəti güclüdür.

- Hazırda “Bakı” ilə yanaşı 21 yaşadək futbolçulardan ibarət yığmanın da üzvüsünüz. Təbii ki, əsas hədəfiniz əsas milliyə dəvət almaqdır...
- Hər bir futbolçu kimi, mənim də əsas məqsədim, arzum milli komandanın şərəfini qorumaqdır. Bunun üçün çalışıram. Ancaq etiraf edim ki, meydana çıxanda düşünmürəm ki, mənim oyunuma milli komandadan kimsə baxır. Ancaq öz oyunum haqda fikirləşirəm. Yaxşı çıxış etdikdən sonra niyə dəvət göndərməsinlər?

- Qarşıdan U-21-in Avropa çempionatında seçmə oyunları gəlir. İlk 2 görüşdə güclü rəqiblərlə qarşılaşacaqsınız. Bu barədə nə deyə bilərsiniz?
- Təbii ki, bizi çətin sınaqlar gözləyir. Əsasən də ingilislərlə oyunu qeyd etmək istərdim. Komandamız son 2 qarşılaşmada – Moldova və Estoniya ilə görüşlərdə qələbə qazanıb. Çalışacağıq ki, layiqli mübarizə aparıb sərfəli nəticə əldə edək.