“Milli komanda futbolçunun möhürüdür” - MÜSAHİBƏ
19.08.2011 - 15:59
“Milli komanda futbolçunun möhürüdür” - MÜSAHİBƏ
“Neftçi” klubunun və Azərbaycan yığmasının futbolçusu Rəşad Abdullayevin apasport.az saytına müsahibəsi

- Cari mövsüm debüt etməmisiniz ki, bunu da zədəli olmağınızla əlaqələndirirlər...
- Doğrudur. Hələ Çempionlar Liqasında Zaqreb “Dinamo”su ilə səfər oyunu öncəsi zədələndim. Avstriyada təlim-məşq toplanışında qasıq nahiyəsindən xəsarət aldım. Elə oldu ki, zədə sonradan özünü göstərdi və Zaqrebdəki görüşə iynə vurdurub çıxdım. Sonradan ağrılar artdı və Bakıdakı cavab matçının 2-ci hissəsində əvəzlənməli oldum. Ötən tur “Rəvan”la oynamamağım həm də cəza ilə bağlı idi. Bildiyiniz kimi, ötən çempionatın sonunda “Xəzər Lənkəran”la görüşdə qırmızı vərəqə almışdım. Həm bunu, həm də zədəni nəzərə alaraq, kənarda qaldım. Ancaq indi belə problem yoxdur.

- Növbəti tur çərçivəsində “Sumqayıt Şəhər”lə görüşdə meydana çıxmağa hazırsınız?
- Bəli, oynaya bilərəm. Bir neçə gündür komandanın məşqlərində iştirak edirəm. Şans verilsə, komandaya kömək etməyə hazıram.

- Yeni mövsümdən nə gözləyirsiniz?
- Təbii ki, ilk növbədə qələbə. Belə deyirlər ki, start necə olacaqsa, mövsüm elə də gedəcək. Bu mənada yeni baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında mövsümə qələbə ilə başlamamağımız yaxşı haldır. Mən də cari mövsümdə ilk oyunuma ciddi hazırlaşıram və özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm.

- Böyükağa Hacıyevin baş məşqçi postuna gəlişindən sonra komandada hansı dəyişiklər baş verir?
- Hər bir komandada yeni baş məşqçi gələndə, istər-istəməz yeni tələblər olur. Biz də futbolçu kimi məşqçinin istəyini yerinə yetirməliyik. Hacıyev təcrübəli mütəxəssis kimi tapşırıqlarını, göstərişlərini verir.

- Hacıyev əsasən nəyə diqqət yetirir?
- Hər bir məşqçinin öz düşüncəsi, futbola öz baxışı var. O, fiziki, texniki və taktiki hazırlığa diqqət yetirir. Futbolçularla ayrı-ayrılıqda söhbəti olur. Biz də onun dediklərini yerinə yetirməyə çalışmalıyıq.

- Şəxsən sizinlə söhbətdə baş məşqçinin tələbi nə olub?
- Liderlik keyfiyyətlərimi göstərməyimi istəyir. Mən də aparıcı futbolçu kimi komandamızı arxamca aparmaq istəyirəm. Özümdə bunu reallaşdırmaq gücünü hiss edirəm və çalışdırıcı mənə liderlərindən biri kimi baxaraq, etimad göstərir. Buna layiq olduğumu öz oyunumla göstərməyə çalışacağam.

- Hacıyevlə əvvəlki baş məşqçiniz Arif Əsədovu necə fərqləndirərdiniz?
- Hər çalışdırıcının öz düşüncəsi var. Baş məşqçi postuna yeni mütəxəssis gələndə, müəyyən dəyişiklər olur. Futbolçular da buna uyğunlaşmalıdırlar. Baş məşqçidən nəticə tələb olunursa, o da futbolçulardan gözlədiyini meydanda almaq istəyir.

- Bu mənada əsas vəzifə çempionluq titulunu qorumaqdır. Bunun öhdəsindən gələ biləcəksiniz?
- Mövsümün startına az qalmış baş məşqçimiz dəyişsə də, heyət toxunulmaz qalıb. Artıq 1 ildir bu futbolçularla oynayırıq. Sabit heyətimiz var və bu, üstünlüyümüzdür. Meydanda bir-birimizlə yaxşı anlaşırıq, bir-birimizi rahat başa düşürük. İnanıram ki, yeni baş məşqçinin rəhbərliyi altında saxladığımız sabit heyətlə istəyimizə çatacağıq. Çempionluğu qazanmaq çətindir, onu qorumaq isə bir o qədər də çətindir.

- Təbii ki, mövsümdə debüt öncəsi aldığınız xoş xəbər sizi daha da ruhlandırdı. Milli komandamızın bu gün açıqlanan siyahısında yer almağınızı nəzərdə tuturuq...
- Elədir. Bu, mənə daha böyük stimul verir. Millinin Bakıdakı təlim-məşq toplanışına çağırılmağımdan məlumatlıyam. Əlbəttə, yenidən millidən dəvət aldığım üçün sevinirəm. Hər bir futbolçu yığmada oynamaqda qürur duymalıdır. Klub elədir ki, bura əsas iş yerindir, müqavilə bağlayırsan, oynayıb, bunun qarşılığını görürsən. Ancaq milliyə gedəndə, pulu düşünmürsən. Belə də olmalıdır. Çünki yığmada pul yox, ölkənin adını uca tutmaq önəmlidir. Bunun üçün meydanda nəyin varsa, ortaya qoyursan. Milli komanda futbolçunun möhürüdür. Bura ən yaxşılar dəvət olunub, oyunu ilə digərlərindən seçilməlidir. Mən də millidə elə oyun göstərmək istəyirəm ki, orada yer almağa layiq olduğumu nümayiş etdirim. Yetərincə beynəlxalq təcrübəm var. Klub karyeramda sabit oyun göstərirəm. Özü də nəticə verən komandalarda çıxış edirəm, dəfələrlə avrokuboklarda oynamışam.

- Ancaq nəzərə alaq ki, 3 ildən artıqdır millimizi çalışdıran Berti Foqts sizi ilk dəfə komandaya edir. Bu mənada dəvət almağınız sizin üçün gözlənilməz olmalıdır...
- Doğrudur. Foqts bu 3 ildə məni bir dəfə olsun yığmaya çağırmayıb. Ona görə də xeyli fasilədən sonra dəvət göndərməyi mənim üçün gözlənilməz oldu. Komandamda daim əsas heyətdə oynayan futbolçu kimi çağırılmamağımın səbəbi mənim üçün maraqlıdır. Buna görə də Foqtsla söhbətləşib, bunun səbəblərini öyrənmək istəyirəm. Futbolçu üçün baş məşqçinin ona güvənməyi, inanmağı önəmlidir. Bu, mənim üçün çox vacibdir. İstəmirəm ki, məni görənlər “millinin futbolçusudur, ancaq ehtiyatda oturur” desinlər. Yığmada olduğumu hiss etdirmək istəyirəm.

- Həm də artıq gənc futbolçu deyilsiniz. 30 yaşınız var və bu yaşda ehtiyatda oturmaq vaxtınız deyil....
- Əlbəttə. Sizinlə tam razıyam. Mən milliyə ehtiyatda oturmağa yox, oynamaq üçün getmək istəyirəm. Sözsüz ki, seçim baş məşqçiyə məxsusdur və hər futbolçu şans gözləyir. Bunu zaman göstərəcək. Bakıdakı toplanışda maksimum çalışıb, Foqtsun etimadını qazanmağa çalışacağam. Öz şansımı gözləyəcəyəm. İstəyirəm ki, milliyə qayıtmaqla, möhkəmlənim və uzun müddət çağırılım.

- Ancaq əsas heyətdə yer almağınız asan olmayacaq. Çünki sizin əsasən çıxış etdiyiniz yarımmüdafiənin sağ cinahında Əfran İsmayılov oynayır. O da yaxşı oyunu ilə seçilir. Başqa mövqedə oynamağa özünüzü hazır sayırsınız?
- Bəli. Düzdür, Əfran indi yaxşı oyunu ilə seçilir. Ancaq hər futbolçuya şans vermək lazımdır. Mən də bundan yararlanmaq istəyirəm. Lazım olarsa, hücumda da oynaya bilərəm. Əsas odur ki, oynayım.

Mehman SÜLEYMANOV