Mahir Şükürovdan etiraf və sərt ittihamlar
19.08.2011 - 23:39
Mahir Şükürovdan etiraf və sərt ittihamlar
“AZAL meydana futbol oynamaq üçün çıxmamışdı. Stadiona gələn azarkeş futbol görmək istəyir”. Apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ”nin futbolçusu Mahir Şükürov deyib.

Premyer Liqanın III turunda AZAL-ı qəbul edən əyalət təmsilçisinin kapitanı artıq 11-ci dəqiqədə komandasını çətin vəziyyətdə qoydu. Belə ki, Şükürov “təyyarəçilər”in hücumçusu Zohair Benuoahini arxadan başla vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırıldı. O, baş verən hadisəyə belə şərh verib: “Rəqib futbolçular vaxt uzatmaqla məşğul idi, tez-tez yerdə uzanıb qalırdılar. Belə epizodların birində oyunun başlanmasını tələb etdim. Bu zaman Benouahi mənə yaxınlaşdı və ingilis dilində söyüş söydü. Söyüşə görə onu vurdum. Nəyə görə kimsə mənə təhqiredici söz deməlidir, özü də öz meydanımızda?! O, çox hiyləgərcəsinə yerə yıxıldı, hakim isə qırmızı vərəqəni mənə göstərdi”.

Şükürov daha sonra matçın baş hakimi Əliyar Ağayevin ilk dəqiqələrdən həyəcanlı olduğunu vurğulamaqla yanaşı, təyinatın düzgün olmadığını bildirib: "Turun mərkəzi matçlarından birinə belə təcrübəsiz hakimin təyin edilməsi düzgün deyil. O, elə ilk dəqiqələrdən həyəcanlı idi. Həmin epizodlarda isə onun təşvişə düşdüyü açıq şəkildə görünürdü. Az qala rəqibin əllə vurduğu qolu da qeydə alacaqdı. Daha doğrusu, demək olar ki, artıq qeydə almışdı, lakin etirazlar nəticəsində qol ləğv edildi”.
premyerliqa.az