“Klublarımız istənilən situasiyaya hazır olmalıdır”
22.08.2011 - 23:01
“Klublarımız istənilən situasiyaya hazır olmalıdır”
“Sentyabrın 25-dək mərkəzi arenada oyunlar keçiriləcək. Ola bilsin, tarix gələn ayın sonuna qədər uzadılsın. Sonrasına yaxın günlərdə aydınlıq gətiriləcək”. Bu sözləri apasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.

Bu il 60 illik yubileyini qeyd edəcək Tofiq Bəhramov adına Respublika stadionunda oktyabrdan yenidənqurma işləri aparılacaq. Məlum olduğu kimi, hazırda Premyer Liqanda çıxış edən iki klub – “Bakı” və “Neftçi” ev oyunlarını məhz bu arenada keçirir.

Belə olan təqdirdə, həmin klubların aqibəti necə olacaq? İsmayılov hələ sentyabrın sonunadək hər iki komandanın adıçəkilən arenanın xidmətindən rahat istifadə edəcəyini bildirib: “Təmir intensiv aparılsa, paltardəyişmə otaqları sökülməlidir. Belə olan təqdirdə, klublar özlərinə yeni məkan seçmək məcburiyyətində qalacaqlar. Yəni Respublika stadionunda oyunlar olmaya bilər. Üstəlik, bu il stadionunun 60 illik yubileyidir. Stadionda olmasa da, hansısa bir yerdə yubileylə bağlı tədbir keçirəcəyik. Çünki burda qazıntı işləri başlasa, yubileyi stadionda keçirmək düzgün olmazdı”.

Stadion rəhbəri istənilən halda klubların xəbərdar edildiyini, onların özləri üçün ehtiyat variantlar hazırladığını da vurğulayıb: “Klublar vəziyyəti yaxşı bilirlər. Bildiyimə görə, “Neftçi” İsmət Qayıbov adına stadionu hazırlayır. “Bakı”nın isə gözəl bazası var. Onlar da həmin bazaya köçə bilərlər. Yəni klublarımız istənilən situasiyaya hazır olmalıdır. Bu dövlət səviyyəsində həyata keçirilən təmin işidir. Əgər təmir işləri hissə-hissə keçirilsə, biz klublara kömək etməyə çalışacağıq. Ancaq zamanı qabaqlamaq olmaz”.