“Azərbaycana qayıtmayacağam”
23.08.2011 - 11:05
“Azərbaycana qayıtmayacağam”
Milli komandamızın sabiq futbolçusu Vüsal Hüseynov Azərbaycanı tərk edib. Bu barədə apasport.az saytına açıqlama verən 29 yaşlı futbolçu bildirib ki, Rusiyanın “Ximki” klubu ilə danışıqlara yollanır.

Ötən mövsümü "Kəpəz"də keçirən sol cinah yarımmüdafiəçisinin karyerasında ilk dəfə legioner həyatı yaşamaq imkanı yaranıb. Vüsal Rusiyanın I divizionunda mübarizə aparan "Ximki"nin düşərgəsində olduqdan sonra onunla müqavilə bağlamağa yaxındır.

"Karyeramı orada davam etdirmək imkanım var. "Ximki"nin düşərgəsində təlim-məşq toplanışında oldum. Komandanın baş məşqçisi Oleq Dolmatov məndən razılığını ifadə etdi. Komandada saxlamağa çalışsalar da, mən qalmadım. Çünki təklif etdikləri məbləğ qane etmirdi. Bu, ancaq yerli futbolçulara sərf edə bilərdi. Dedilər ki, vəziyyət düzələcək. Mənim isə cavabım belə oldu ki, əgər, vəziyyətdə inkişaf olsa, mənə xəbər edin" – deyə, Hüseynov bildirib.

Futbolçunun sözlərinə görə, "Ximki" rəhbərliyi onu növbəti dəfə Rusiyaya dəvət edib. Əgər yenə razılıq əldə olunmazsa, Hüseynov Azərbaycana qayıtmaq əvəzinə, Rusiyada qalıb digər variantları müzakirə edəcək. O, legioner həyatı yaşamaqda israrlı olduğunu bildirib: "Azərbaycanda oynamaqdan bir şey çıxmır. Düzdür, 2-3 yerli komanda məni heyətinə cəlb etməkdə maraqlı idi. Amma çempionatın başlanmasına baxmayaraq, onlardan bir xəbər çıxmadı. Odur ki, yeni yollar axtarmağa başladım. Əslində, mən özüm də Azərbaycanda oynamağın tərəfdarı deyiləm. "Ximki" ilə növbəti danışığımız da uğursuz alınsa belə, vətənə qayıtmayacağam. Adını açıqlamadığım bir neçə klub da mənimlə maraqlanır. İnşallah, səfərimin 2-3 günü karyeramda yeniliklər olmalıdır".

Qeyd edək ki, vaxtilə Azərbaycanın ən perspektivli futbolçularından sayılan Vüsal "Kəpəz"lə yanaşı, “Şəmkir”, “Olimpik”, “Karvan”, "Xəzər Lənkəran" kimi iddialı klubların da formasını geyinib. Onun potensial komandası olan "Ximki" 1996-cı ildə təsis edilib.

Moskva ətrafı təmsil edən komandanın baş məşqçisi Oleq Dolmatov təcrübəli rusiyalı mütəxəssisdir. Bakı "İnter"i ötən il çempion olanda, icarə əsasında onun şərəfini qoruyan gürcü müdafiəçi Georgi Novalovski də hazırda "Ximki"nin uğurları üçün çalışır.