Fariz Nəcəfov: Mahir Şükürov nəticə çıxarmalıdır
23.08.2011 - 15:48
Fariz Nəcəfov: Mahir Şükürov nəticə çıxarmalıdır
“AFFA-nın klubumuz haqda çıxardığı qərar normaldır. Yalnız Mahir Şükürov haqda maksimum ölçü götürülüb”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

İntizam Komitəsinin bu gün keçirdiyi iclasında qəbələlilərə 6000 manat cərimə kəsilib. Bunun 2000-i azarkeşlərin AZAL-la ev oyununda meydançaya kənar əşyalar atması ilə bağlıdır. 4000 manat isə “Qəbələ”nin kapitanı Mahir Şükürovun birbaşa qırmızı vərəqə almağına görə kəsilib. Mərakeşli rəqibi Zohair Benouahiyə başla zərbə vuran Mahir 4 oyunluq cəzalandırılıb.

Bunu ağır cəza hesab edən Nəcəfov güzəşt gözləyirmiş: “Mahirə heç olmasa 2 oyunluq cəza verilməsi mümkün idi. Onun milli komandanın futbolçusu olmağı nəzərə alına bilərdi. Düzdür, Şükürov yığma futbolçusu kimi belə hərəkət etməməli idi. Ancaq 4 oyun çox oldu və bu, 2 olsaydı, yaxşı olardı. Mən demirəm ki, İntizam Komitəsi səhv qərar verib. Sadəcə, Mahirə yığma futbolçusu kimi güzəştə gedə bilərdilər”.

Adətən birbaşa qırmızı vərəqə alan futbolçu 2 oyunluq cəzalanır. Ancaq Şükürova 4 oyun cəza verilməyində ona “qırmızı” göstəriləndən sonra hakimə təzyiq etməsi, ünvanına dediyi xoşagəlməz sözlər də nəzərə alınıb. Vitse-prezident bununla tam razılaşır: “Futbolçumuz bundan nəticə çıxarmalıdır. Mahir haqqında qərarla bağlı apelyasiya verəcəyinə gəlincə, buna baxacağıq. Bunu edəcəyimiz istisna deyil”.

Mehman SÜLEYMANOV