“Xəzər Lənkəran”ın serbləri 4-cü yerə yüksəldi
24.08.2011 - 08:48
“Xəzər Lənkəran”ın serbləri 4-cü yerə yüksəldi
Premyer Liqanın III turu daha bir futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar oldu. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan yığmasının milliləşən serbiyalı futbolçusu Branimir Subaşiç karyerasında ilk dəfə Lənkəran təmsilçisinin formasında meydana çıxdı.

“Turan”la matçın ilk dəqiqələrindən meydanda olan Branimirə qədər 132 oyunçu “Xəzər Lənkəran”da çıxış etmişdi. Bununla da 29 yaşlı serbiyalı hücumçu komandanın tarixinə 133-cü futbolçu kimi düşdü.

Branimir cari mövsüm komandada debüt edən 7-ci futbolçu oldu. Belə ki, Avroliqa oyunlarında Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli və Marius Onofraşa, ötən turda isə Dejan Rusiç buna nail olmuşdu.

Komandanın şərəfini qorumuş 133 oyunçudan 52-si yerli, 81-i əcnəbidir ki, Branimir ölkəsinin “Xəzər Lənkəran”da 6-cı təmsilçisi oldu. Ona qədər serbiyalılar Marinko Petroviç, Milorad Koraç, Miroslav Saviç, Slaven Stankoviç, Uroş Prediç bu klubda oynamışdı.

“Xəzər Lənkəran” forması geyinən legionerlər 29 ölkəni təmsil edir: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan - 4, Portuqaliya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya – hərəsi 1.