Georgi Nikolov: Mən apelyasiya şikayəti verərdim, lakin...
24.08.2011 - 09:05
Georgi Nikolov: Mən apelyasiya şikayəti verərdim, lakin...
AFFA-nın İntizam Komitəsinin iclası təqribən saat yarım davam etdi. Müzakirələr aparıldı, bütün tərəflər mövqelərini açıqladılar, arqumentlərini təqdim etdilər və vəziyyətlə bağlı baxışlarını bildirdilər”. Apasport.az saytının məlumatına görə, bunu “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

Bolqarıstanlı funksioner AFFA-nın İntizam Komitəsinin “İnter” – “Bakı” oyunu ilə bağlı çıxardığı qərara münasibət bildirib: “İclasın sonunda mən də mövqeyimi açıqladım. Etiraf edim ki, komandanı meydandan çıxarmaq barədə verdiyim qərarı doğru hesab edirəm. Bu xoşagəlməz hadisələrə təkcə penalti zərbəsinin təyin edilməsi səbəb olmadı, belə bir vəziyyətin yaranmasına buraxılmış səhvlər seriyası da rəvac verdi. Təbii ki, İntizam Komitəsi müəyyən edilmiş qərarlar çərçivəsində fəaliyyət göstərir və komitə bu çərçivələrdən kənara çıxa və səlahiyyətlərini aşa bilmir. Odur ki, komitənin qəbul edəcəyi qərar gözlənilirdi. Gözlənilməz heç nə baş vermədi”.

Nikolov klubun rəsmi saytına verdiyi açıqlamasında apelyasiya şikayəti verəcəklərini də istisna etməyib: “Mən apelyasiya şikayəti verərdim, lakin hələlik həmin qərar rəsmi şəkildə bizə təqdim edilmədiyindən bunu edə bilmərik. Bu məsələdə hüquqşünaslarla da məsləhətləşmək lazımdır. Televiziyalarda haqqımızda deyilənlərə gəlincə, bununla bağlı nə demək olar? Gecə efirə getmiş elementar etika çərçivəsinə sığmayan çıxışları, ümid edirəm ki, insanlar görmədilər və eşitmədilər, çünki dərin gecə idi...”.
Qeyd edək ki, İntizam Komitəsinin qərarına görə, Nikolov “İnter”i meydandan çıxardığı üçün komandasına 0:3 hesablı məğlubiyyət verilib və ümumilikdə 21 min manat cərimə kəsilib.