“Borussiya”da azərbaycanlı - FOTO
24.08.2011 - 11:50
“Borussiya”da azərbaycanlı - FOTO
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Almaniyaya səfərə hazırlaşır. Bu barədə apasport.az saytına gənc çalışdırıcının özü məlumat verib. O bildirib ki, səfəri qarşıdakı günlərdə reallaşacaq.

Bundesliqanın son qalibi olan Dortmund “Borussiya”sının bazasına yollanacaq 39 yaşlı mütəxəssis vaxtilə Avropa Liqasında uduzduğu komandanın baş məşqçisi Yürgen Kloppun təcrübəsindən yararlanacaq.

Qurbanov həm yeni terminlərlə tanış olacağını, həm də alman mütəxəssisin yanında təcrübə toplayacaq.

“Bildiyiniz kimi, “Qarabağ” Avropa Liqasında “Borussiya” ilə qarşılaşıb. Həmin gündən bu iki komanda arasında əlaqələr mövcuddur. Mən də bu əməkdaşlığın tərkib hissəsi kimi, Almaniyaya yollanıb məşqçi kimi bacarığımı və praktikamı artıracağam. Fikrimcə, bu, gələcəkdə çox köməyimə çatacaq” – deyə, Qurbanov bildirib.

Qurbanov ilk belə təcrübəni Frank Raykaardın baş məşqçiliyi dövründə “Qalatasaray”da keçib.

Qeyd edək ki, “Borussiya” Almaniyanın ən köklü komandalarından sayılır. Komanda 7 dəfə Bundesliqanın qızıl medalına yiyələnib. Dortmund təmsilçisi Çempionlar Liqasında və UEFA kubokuna da sahib çıxıb.