1 addım geriyə
24.08.2011 - 12:05
1 addım geriyə
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə 1 pillə geriləyib.

Son reytinq hesablanan müddətdə Makedoniya yığmasına Bakıda yoldaşlıq görüşündə uduzan (0:1) komandamız 112-ci yerə düşüb. Hesabında 272 xal olan seçməmiz UEFA-nın reytinqində 45-dir.

Avro-2012-in seçmə mərhələsindəki növbəti rəqiblərimiz – Tofiq Bəhramov adına Respublika stadionunda görüşəcəyimiz Belçika (675 xal) 32-ci, Qazaxıstan (227 xal) 126-cı pillədə qalıb. Qrupumuzun favoritləri olan Almaniya (1330 xal) 3-cü, Türkiyə (811 xal) 24-cü yerdə mövqeyini qoruyub.

Qrupumuzda ən çox geriləyən Avstriya yığmasıdır. 472 xalı olan bu komanda 2 pillə geriləyərək, 68-ci yerə düşüb.

DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizdən ən çox irəliləyən Rusiyadır – 5 pillə. Şimal qonşularımız 940 xalla 13-cü pilləyə yüksəlib. Qrupumuzun favoriti Portuqaliya (1060) 1 pillə geriləyərək, 8-ci yerə düşüb. İsrail millisi (746 xal) yenə 32-ci yerdədirsə, Şimali İrlandiya (545 xal) 3 pillə irəliləyərək, 59-cu yerə qalxıb. Autsayder Lüksemburq isə 211 xalla 128-ci pillədə qalaraq, bizdən də geridədir.

Siyahıda uzun fasilədən sonra lider dəyişikliyi olub. Hollandiya yığması 1596 xalla zirvəyə yüksəlib. Onun son dünya çempionatının finalında uduzduğu İspaniya yığması (1563 xal) 2-ci pilləyə düşüb.