Advokat Səmədova niyə dəvət göndərib?
23.09.2011 - 23:05
Advokat Səmədova niyə dəvət göndərib?
Axır ki, Aleksandr Səmədov arzusuna çatdı. Adı millimizlə yanaşı hallanan həmyerlimiz Rusiya yığmasına çağırılıb. DÇ-2014-ün seçmə mərhələsində rəqibimiz olan Şimal qonşularımızın baş məşqçisi Dik Advokat dünən açıqladığı 20 nəfərlik heyətə Səmədovun da adını daxil edib.

Holland mütəxəssis AÇ-2012-nin qrup mərhələsində səfərdə Slovakiya, evdə Andorra ilə görüşlərdə Moskva "Dinamo"sunun üzvünə şans vermək niyyətindədi. Amma o, hələlik qərarını qətiləşdirməyib: "Düşünməyin ki, Səmədovu təzyiqlərə görə milliyə çağırmışam. O, göstərdiyi oyunun nəticəsində milliyə cəlb olunub. Torbinskinin zədəli olmasını da yaddan çıxarmaq lazım deyil. Səmədovun da milliyə çağrılmasının səbəbi elə budu. "Dinamo"lu futbolçu son oyunlarda özünü çox yaxşı tərəfdən göstərdi. Millidə də yaxşı çıxış edəcəyinə inanıram. Məncə, onun komandaya köməyi dəyə bilər. Onun oynayıb-oynamayacağına isə özüm qərar verəcəm. Bu barədə heç nə deyə bilmərəm. Hər şey ola bilər".

Advokatdan dəvət almasına rəğmən, Rusiya millisindəki karyerası hələ də sual altında olan Səmədov hadisərin inkişafından məmnundu. Həmyerlimiz holland çalışdırıcının çağırışını sevinclə qarşılayıb: "Düzünü deyim ki, Rusiya yığmasına dəvət edildiyim üçün çox şadam. "Dinamo"nun heyətində ən yaxşı oyunumu göstərməyə çalışırdım. Komanda üçün var gücümü ortaya qoyurdum. Son zamanlar isə çalışırdım ki, yığmaya çağırılmaq barədə heç fikirləşməyim. Əlbəttə ki, qarşıda millimizin AÇ-2012-nin seçmə mərhələsinin vacib oyunların olması məsuliyyətimi artırır. Bir daha təkrar edirəm: bu, mənə çox xoşdu".

Əslində, Aleksandr Səmədovun məhz indi Rusiya yığmasına çağrılmasının bir neçə səbəbi var. Dik Advokat bunu həmyerlimizin son zamanlar "Dinamo"nun heyətində yaxşı oyun göstərməsi və Torbinskinin yoxluğu ilə əlaqələndirib. Amma çalışdırıcını belə bir addım atmağa sövq edən digər məqamlar da var.

Əvvəla, AFFA-nın Səmədovu yığmamıza gətirmək üçün hərəkətə keçməsi Şimal qonşularımızı narahat etməyə bilməzdi. Elə ona görə də ruslar könlü onların yığmasında olan Saşaya dəvət göndərməklə, bu dəftəri birdəfəlik bağlamağı lazım bildilər. Açığı, bir və ya bir neçə oyundan sonra Advokatın ona ehtiyac duymayacağını istisna etmirik. Çünki Səmədova dəvət göndərməsində mətbuat və futbol ictimaiyyətindən gələn təzyiqlər də öz rolunu oynadı.

Təsadüfi deyil ki, Saşanın Rusiya yığmasına çağırılması qonşu ölkədə məmnunluqla qarşılanıb. Məsələn, tanınmış futbol mütəxəssisi Yevgeni Lovçev Advokatın qərarını sevinclə qarşıladığını dilə gətirib: "Hər şeydən öncə Səmədovun milliyə cəlb olunmasına sevinirəm. Görünür ki, futbolçu oyundan-oyuna "artırır", öz üzərində işləyir və hazırda "Dinamo"nun liderlərindən birinə çevrilir. Digər tərəfdən, Səmədovun Advokatın əvvəlki qərarlarını anlayışla qarşılaşması da xoşuma gəlirdi. Hər zaman sakit durub, "ciddi bir şey yoxdu, öz üzərimdə işləyirəm, daha yaxşı oynamağa çalışıram, milliyə dəvət olunmaq isə baş məşqçinin qərarıdı" kimi sözlərlə fikirlərini çatdırırdı. Bu isə onun tərəfindən atılmış ən yaxşı addım idi. Advokatın da düzgün qərar verdiyini düşünürəm. Səmədovu milliyə cəlb etməklə ağllı qərar vermiş oldu. Məncə, hamı bu qərardan razı qalacaq".

Digər bir tanınmış futbol mütəxəssisi Andrey Sozin isə Səmədovu hazırda Rusiyanın ən yaxşı cinah yarımmüdafiəçisi sayır: "Səmədovun milliyə dəvəti çoxdan gözlənilirdi. Yaxşı ki, yığmanın məşqçilər korpusu vacib oyunlar öncəsi bunu etdi. Ancaq onu hələ yazda da yığmanın düşərgəsinə çağırmaq olardı. Yəqin ki, Advokat və köməkçiləri Səmədovu milliyə buranın ab-havasını görmək və uyğunlaşmaq üçün çağırdıqlarını deməyəcəklər. Çünki o, artıq püxtələşmiş ustadı və buna ehtiyacı yoxdu. "Dinamo"lu millidə oynamağa layiqdi. Çünki Səmədov bu gün ölkənin ən yaxşı cinah yarımmüdafiəçisidi. Böyük ehtimalla, Advokat da bunu başa düşüb və onu yığmaya cəlb edib".