“Azərbaycan millisinin Belçikadan xal alması, Türkiyədə unudulmayıb”
01.10.2011 - 23:05
“Azərbaycan millisinin Belçikadan xal alması, Türkiyədə unudulmayıb”
“Türkiyədə olduğum müddətdə 5 oyunu izlədim. İstər Superliqa, istərsə də aşağı dəstədə mübarizə aparan komandaların məşqçiləri, menecerlərə, futbolla məşğul olan hər kəs məndən yalnız 1 şey soruşurdu – Azərbaycan millisində vəziyyət necədir? Amma onlara məlumat vermədim, çünki milli barədə danışmaq səlahiyyətlərimə daxil deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun sabiq türkiyəli məşqçisi Mehmet Ak deyib.

Böyükağa Hacıyevin gəlişindən sonra əsas heyətdən uzaqlaşdırılan Ak “Neftçi”nin prezidenti Sadıq Sadıqovla görüşmək üçün Bakıya qayıdıb.

2013-cü ilə qədər müqaviləsi olan Ak bundan sonra çox güman ki, aşağı yaş qruplarında fəaliyyət göstərəcək.

Gənc mütəxəssis bildirib ki, Türkiyədə indiki qədər heç vaxt Azərbaycan millisinə maraq olmayıb: “Azərbaycan millisinin seçmə mərhələdə Türkiyəni udması, sonra Belçikadan xal alıb, yardımçı olması Türkiyədə unudulmayıb. Azərbaycan millisi Türk idman ictimaiyyətinin müzakirə mövzularındandır”.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda qalib gəldiyi (1:0) Türkiyə millisi ilə cavab görüşünü oktyabrın 11-də səfərdə keçirəcək.