Arda Turandan yığmamıza xəbərdarlıq
03.10.2011 - 10:50
Arda Turandan yığmamıza xəbərdarlıq
“Hər zaman olduğu kimi, indi də milli komandaya hazıram. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə yığmasının futbolçusu Arda Turan deyib.

Cari mövsümdən Madrid “Atletiko”sunda oynayan 24 yaşlı yarımmüdafiəçi sabah millisinin rəsmi görüşləri ilə əlaqədar vətəninə gələcək. Arda Avro-2012-in seçmə mərhələsində oktyabrın 7-də İstanbulda Almaniya, 11-də Azərbaycanla qarşılaşmada iştirak edəcək.

Ötən il zədə üzündən Bakıya gələsi olmayan Arda yığmamızla ev oyununda yalnız qələbəyə köklənib. O, son 2 oyunda ən azı 3 xala, bunu millimizlə görüşdə reallaşdıracaqlarına şübhə etmir: “Milli komandamızı çox çətin həftə gözləyir. Amma bu, 4 xalın da yetdiyi 2 matç olacaq. Bəlkə 3 xal da yetərli ola bilər. Bu üzdən məntiqli davranaraq, lazım olanı edib, pley-off oyunların qatılmaq üçün mübarizə aparacağıq. Türkiyə kiminlə oynayır-oynasın, öz meydanında favoritdir. Qrupumuzda uduzmayan, bütün oyunlarında qalib gələn Almaniyadan 1 yox, 3 xal belə ala bilərik”.