AÇ-yə 250 gün qaldı, Azərbaycan xatırlandı
03.10.2011 - 12:16
AÇ-yə 250 gün qaldı, Azərbaycan xatırlandı
2012-ci il Avropa çempionatının (AÇ) final mərhələsinin startına düz 250 gün qalıb. Apasport.az saytının məlumatına görə, gələn ilin iyunun 12-də Polşanın paytaxtı Varşavada növbəti qitə birinciliyinin həyəcanı başlayacaq.

Ukrayna mətbuatında məsul turnir yolunda 80 əsas hadisə diqqətə çatdırılıb ki, bunlar arasında Azərbaycanla bağlı olan məqamlar da var.

1-ci olay kimi 2005-ci ilin yanvarın 28-i xatırlanıb ki, həmin vaxt Ukrayna və Polşa Futbol Assosiasiyası Avro-2012-ni birgə keçirməklə bağlı UEFA-nın mənzil-qərargahına sifariş ərizəsi göndəriblər. Onlara tenderin ilk mərhələsində 8 rəqibdən biri məhz ölkəmiz idi. UEFA-nın ekspertləri təqdim olunan bütün sənədləri araşdırandan və müsabiqə iştirakçılarının imkanlarını təhlil edəndən sonra çoxları, o cümlədən biz marafondan kənarda qaldıq. Sona qalan Ukrayna-Polşa, İtaliya və Macarıstan-Xorvatiya oldu ki, kimə üstünlük verildiyi məlumdur.

25-ci hadisə isə Avro-2012-in seçmə mərhələsinin püşkü sayılıb. 2010-cu ilin fevralın 7-də Varşavada keçirilən mərasimdə UEFA məmurları Rusiya və Gürcüstan, Ermənistanla Azərbaycanı ayrı-ayrı qruplara salacağını əvvəldən açıqladı. UEFA prezidenti Mişel Platini vəziyyətə belə şərh etdi: “Qurumun İcraiyyə Komitəsinin qərarı idmanla siyasəti bir-birinə qarışdırmamağı diqtə edib”.