Qus Hiddink: Azərbaycanla oyundan sonra hara gedəcəyimizi öyrənəcəyik
03.10.2011 - 14:57
Qus Hiddink: Azərbaycanla oyundan sonra hara gedəcəyimizi öyrənəcəyik
“Düz 1 il öncə seçmə mərhələyə başlayanda demişdik ki, oynayacağımız matçlarda başqa komandaların nəticələrini gözləmək istəmirik. İstəyirik ki, nəzarət öz əlimizdə olsun. İndi seçmə mərhələnin sonunda bu sözü davam etdirdiyimizi görürük”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Qus Hiddink deyib.

Avro-2012-in seçmə mərhələsini oktyabrın 11-də milli komandamızla ev oyunu ilə bitirəcək “ay-ulduzlular” bundan 4 gün əvvəl İstanbulda Almaniya ilə həlledici görüşə çıxacaq.

Bu gün keçirilən mətbuat konfransında daha çox Bundestimlə matç haqda danışan hollandiyalı mütəxəssis pley-offa vəsiqə qazanacaqlarına inanır: “Nəzarət bizdədir və yolumuza davam edirik. Hələ seçmə mərhələ başlamamışdan öncə qrupdakı ilk yer üçün Almaniya, habelə Avstriya və Belçika kimi güclü komandalarla mübarizə aparacağımızı bilirdik. Hər kəs üçün həyəcan başladı. Önümüzdəki 2 matçdan sonra hara gedəcəyimizi öyrənəcəyik. Təbii ki, milliyə çağırılan futbolçuların ilk gündən təlim-məşq toplanışına qatılması sevirəm. Ən önəmlisi də zədə almadan toplanışa hazır gəlmələridir. “Trabzonspor”un qapıçısı Tolqa Zəngin zədə səbəbindən bizimlə olmayacaq. Onun yerinə Hakan Arıkanı çağırdıq”.

Almaniya yığmasının zəif tərəflərini dəyərləndirən Hiddink hər komandanın zəif tərəflərinin olduğunu söyləyib: “Amma nəticəyə baxdığımız zaman Almaniya yaxşı fəlsəfə ilə qurulmuş bir komandadır. Mən də Almaniyanın çox az zəif tərəfini görürəm. Azərbaycanla oynadığımız matçı gördünüz: enişli-çıxışlı bir oyun və nəticəsi pis oldu. Bütün rəqiblərə qarşı Almaniya kimi oynasanız, 45 dəqiqə və 1 saat içində nəticəni aldığınız görərsiniz”.

Qeyd edək ki, Hiddink Türkiyə yığmasında son məğlubiyyətini ötən ilin oktyabrın 14-də Bakıda yığmamızdan alıb – 0:1.