“Rəvan” legionerini qovdu
03.10.2011 - 17:01
“Rəvan” legionerini qovdu
“Rəvan” estoniyalı qapıçısı Artur Kotenkonu qovub. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın I turunda “Kəpəz”lə səfər oyununda (2:3) buraxdığı kobud səhvlər nəticəsində 1 dəqiqəyə 2 qol buraxan legioner məğlubiyyətin əsas səbəbkarı kimi göstərilmişdi.

Bir müddət komandanın sıralarında olan Kotenko haqda sonradan konkret və ağır qərar çıxarılıb. Belə ki, məşqlərə buraxılmayan 30 yaşlı qapıçı artıq debütantın sıralarından kənarlaşdırılıb.

Bakı təmsilçisinin baş məşqçisi Vladislav Qadirov apasport.az-a açıqlamasında xəbəri təsdiqləyib: “Kotenkonun komandamızla müqaviləsi olsa da, hazırda vətənindədir və qışa qədər heç bir klubda oynaya bilməz. O, rəhbərliyin qərarına əsasən məşqlərə buraxılmır və bizim futbolçumuz deyil. Artıq yerli qapıçılara şans verəcəyik. İvan Vasiliyev, eləcə də Davud Kərimi normal qapıçılardır. Estoniyalı əvəzedici heyətdə oynatmağı da düşünmədik. Çünki burada da yerli futbolçulara şans vermək lazımdır”.

Qeyd edək ki, Artur 2004-cü ildən çağırıldığı millisində 25 görüşdə meydançaya çıxıb və 3-cü qapıçı sayılır. Premyer Liqamızın cari mövsümündə ölkəsinin yeganə təmsilçisi olan Kotenkonun gedişi ilə Azərbaycanda estoniyalı futbolçu qalmadı.