Azərbaycandan Türkiyənin baş nazirinə çox böyük hədiyyə - FOTOSESSİYA
05.10.2011 - 10:21
Azərbaycandan Türkiyənin baş nazirinə çox böyük hədiyyə - FOTOSESSİYA
Bir müddət öncə İstanbulda keçirilmiş güləş üzrə dünya çempionatının yekunu Türkiyə üçün ürəkaçan olub. Apasport.az saytının məlumatına görə, təşkilatçı ölkə idmançılarının uğurunun ardından Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana ölkəmizin adından xüsusi hədiyyə təqdim edib.

Həmin hədiyyə hər il Bakıda keçirilən mərhum prezident Heydər Əliyevin xatirəsinə keçirilən “Qızıl Qran-Pri” turnirinin finalları üçün hazırlanmış saat olub. Təqdimetmədə FİLA-nın prezidenti Rafael Martinetti, Türkiyənin gənclər və idman naziri Suat Kılıç, İstanbuldan seçilən millət vəkili Osman Aşkın Bak, Olimpiya çempionu Həmzə Yerlikaya kimi məşhur simalar iştirak edib.

Türkiyə mətbuatı bu hədiyyəni çox yüksək qiymətləndirib və bunun 2 qardaş ölkə arasında gözəl münasibətlərin olması ilə əlaqələndirib: “Bu saatın bizim üçün mənəvi dəyəri çox böyükdür. Çünki Azərbaycan və Türkiyə bir evdə böyüyən 2 qardaş kimidir. Eyni tarixi birlikdə yaşamışıq. Bərabər sevinmişik, bərabər də kədərlənmişik. Eyni dildə danışdığımız kimi, ölkələrimiz də eynidir. Hər mənada bir-birimizə bənzəyirik. Bütün matçlarda da bir-birimizi dəstəkləyirik. Dünya çempionatında da qarşılıqlı aldığımız medallar təsəllimiz oldu”.

Həmkarlarımızın fikrincə, Azərbaycan güləşçilərinin uğurları onları da sevindirir: “Azərbaycanın qələbələri bizim üçün də əhəmiyyətlidir. Mərhum Heydər Əliyevin məşhur kəlamını xatırlayıram: Biz bir millət, iki dövlətik. Onun qurduğu dövlətdə qardaşlarımız çox rahat yaşayır. Hazırkı prezident İlham Əliyev isə bunu uğurla davam etdirir”.

Türkiyə mətbuatı İlham Əliyevin ölkədə güləşlə bağlı layihəsini də xüsusi vurğulayıb: “Cənab prezident İlham Əliyevin “Hər evdə bir güləşçi” layihəsi bu gün öz bəhrəsini verir. Azərbaycan milli komandasının – sərbəst, yunan-Roma və qadın güləşindəki heyəti Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında ən güclü rəqiblərdən hesab olunur. Ötən il qitə birinciliyi üçün Azərbaycana yollanmışdım. Bu il də gənclərin iştirakı ilə keçirilən turnirə gedən zaman Bakıda gördüklərim məni heyrətləndirdi. Hər halda, əlaqələrimizin genişlənməsi bizləri daha da gücləndirəcək”.