Səlcuk İnan: Azərbaycanla görüşdə əziyyət çəkirik
05.10.2011 - 11:11
Səlcuk İnan: Azərbaycanla görüşdə əziyyət çəkirik
Türkiyə yığmasının futbolçusu Səlcuk İnan zəif komandalarla oyunlarda uğursuz çıxışlarının səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Avro-2012-in seçmə mərhələsində Almaniya və Azərbaycanla qarşıdakı ev matçlarına çağırılan “Qalatasaray”ın yarımmüdafiəçisi bir-birindən çox fərqlənən bu rəqiblərlə görüşdə nəticə ilə bağlı fərq qoyulmamağın vacibliyini bildirib.

O bildirib ki, millimizlə görüşdə olduğu kimi, Bundestimlə oyunda da yalnız qələbə qazanmaq haqda düşünməlidirlər: “Azərbaycan və Qazaxıstan kimi komandalarla görüşə qalib gəlməyimiz vacibdir deyə meydana çıxırıq. Bu da bəzən bizə çətinlik yarada bilər. Amma Almaniya ilə matçda bərabərliyə qalanda, “bir şey olmaz” deyirik. Bəlkə belə düşündüyümüzdən, Azərbaycan və Qazaxıstanla görüşlərdə əziyyət çəkirik. Baş məşqçimizin söylədiyi belə bir fikir var ki, biz türklər çətinliyi sevirik. Bəlkə bu, ondan qaynaqlana bilər. Amma bu, artıq geridə qaldı. Azərbaycanla oyunda nə olursa-olsun qalib gəlməliyik, bu, Almaniya ilə matça da aid olmalıdır”.

Qeyd edək ki, Türkiyə yığması cari seçmə mərhələdə ötən il millimizə Bakıda 0:1 hesabı ilə uduzub.