Vaqif Sadıqov: Millimizin yeni tarix yazması üçün yaxşı şansı var
05.10.2011 - 12:54
Vaqif Sadıqov: Millimizin yeni tarix yazması üçün yaxşı şansı var
“O vaxt Avstriya yığması Bakıya fərqli vəziyyətdə gəlmişdi. Onların Avropa çempionatının final mərhələsinə yollanmaq şansları var idi”. Bu sözləri apasport.az saytına açıqlamasında millimizin sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.

Komandamız oktyabrın 7-də Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində doğma meydanda son matçına çıxacaq. Avstriya ilə qarşılaşacaq yığmamız bu rəqiblə Bakıdakı sonuncu oyunda heç-heçə etməyə nail olmuşdu. Həmin vaxt seçməmizin baş məşqçisi Vaqif Sadıqov idi.

Həmin oyunda qapılara qol vurulmadığından, yığmamız aktivinə 1 xal yazdırmağa nail olmuşdu. Hazırkı Avstriya millisini o vaxtkı ilə müqayisə edən Sadıqov bildirib ki, yığmamızın tarix yazmaq şansı yüksəkdir: “Avstriya yığmasının baş məşqçisi istefa verib. Ola bilsin, biz Bakıda yeni yaradılan bir komanda görək. Bununla belə, son oyunlar ümid verir ki, millimiz nəsə etsin. Bir sözlə, komandamız yeni tarix yaza bilər. Bunun üçün şans var”.

Sadıqovun sözlərinə görə, psixoloji amili də diqqətdən qaçırmaq olmaz: “Psixoloji durumu da nəzərə almaq lazımdır. Son iki oyundakı uğurlu çıxış futbolçulara müsbət mənada təsir göstərib. Əsas odur ki, eyforiyaya qapılmayaq”.

Təcrübəli çalışdırıcı Belçika və Qazaxıstanla oyunlarda verdiyi məhsuldar ötürmə ilə yadda qalan Mahir Şükürovun yoxluğuna da toxunub: “Mahir yığmanın təcrübəli oyunçularındandır və özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Ondan başqa, Rəşad Sadıqov, Kamran Ağayev də komandanı arxasında apara biləcək futbolçulardandır. Fikrimcə, futbolçularımız bu oyunun məsuliyyətini dərk edəcəklər”.

Proqnoz verməyi xoşlamadığını deyən mütəxəssis yaxşı nəticəyə ümid etdiyini qeyd edib: “Proqnoz vermək çətindir. Əsas odur ki, məzmunlu oyun göstərib, meydandan qalib ayrılaq. Buna inanıram”.

Qeyd edək ki, “Anji”də böyük məşqçi vəzifəsində çalışan həmyerlimiz oktyabrın 7-də Moskvaya yollanacaq və klubun məşqlərində iştirak edəcək.