“Turan”a qarşı AZAL oynayırdı, “Barsa” yox”
17.10.2011 - 12:28
“Turan”a qarşı AZAL oynayırdı, “Barsa” yox”
AZAL-ın baş məşqçisi Elxan Abdullayevin apasport.az saytına müsahibəsi

- Son turlarda sabiq komandalarınız – “İnter”, “Qarabağ”, “Bakı” və “Turan”la görüşsəniz də, heç birində qalib gələ bilmədiniz. Bunu nə ilə əlaqələndirirsiniz? Komandanız “qara zolağ”a düşüb?
- Burda böyük faciə görmürəm. Premyer Liqada 12 komanda var, amma hamı AZAL-dan danışır. Bu, mənə qaranlıq qalıb. Görünür, belə şeyləri xırdalamaq kimlərəsə sərf edir.

- Kimlərə?
- Dəqiq deyə bilmərəm. Amma sizə bir söz deyim: biz 2 oyun udsaq, vəziyyət necə olacaq?

- Turnir cədvəlində yuxarı qalxacaqsınız.
- Vəssalam. Deməli, narahatçılığa əsas yoxdur. Görürsünüz, turnir cədvəlində yuxarıda necə sıxlıq var. “İnter” son 2 turda əvvəl “Xəzər Lənkəran”a, sonra “Neftçi”yə qalib gəldi. Ötən çempionatda yeganə 1 aşkar autsayder var idi. Bu da MOİK idi, hamı bilirdi ki, bu komanda ilə oyunda 3 xal qazanmaq problem deyil. Ancaq indi elə zəif komanda yoxdur.

- Hələ də qələbə üzü görməyən, sonuncu pillədə qərarlaşan “Sumqayıt Şəhər” necə?
- Mən bu komandanı zəif saymıram, pis oynamırlar. Sadəcə, gəncdirlər, təcrübələri çatmır. “Simurq”un zəif olduğunu deyirdilər. Ancaq görürsünüz ki, bu komanda hər oyunda rəqiblərinə sinə gərir. Gəlin, son 4 oyunumuzu təhlil edək. Güclü “İnter”lə 1:1 hesablı heç-heçə etdik. Rəqib məğlubiyyətdən son dəqiqələrdə qaçdı. “Qarabağ”la ev oyununda hesabı biz açdıq, ancaq sonradan müdafiədə buraxdığımız diqqətsizlik üzündən 3 qol “yedik”. “Bakı” ilə səfər oyununda 1 xal qazandıq və bunu pis nəticə saymıram. “Turan”la səfərdə də qolsuz bərabərlik etdik.

- Ancaq Tovuzdakı oyunda rəqibin futbolçusu qırmızı vərəqə aldığı üçün 2-ci 45 dəqiqədə say üstünlüyünə malik olduğunuzu nəzərə almaq lazımdır...
- “Turan” həmin vaxt futbol oynamadı ki... 9 nəfərlə oturdular müdafiədə.

- “Turan”ın baş məşqçisi vaxtilə birgə çalışdığınız Əsgər Abdullayevdir. Onun isə müdafiə futboluna üstünlük verdiyini nəzərə alsaq, bu taktika sizdə təəccüb doğurmamalıdır...
- “Turan” qırmızı vərəqəyə kimi normal futbol oynayırdı. Ancaq ikinci hissədə taktikasını dəyişdi. Başladılar vaxt uzatmağa. Oyunçuları yerdə uzanıb qalırdılar, tez-tez topu kənara çıxarırdılar. Qapıçılarını nəzərə almasaq, meydanda 9 futbolçuları qalmışdı. Hamılıqla müdafiə olunurdular. Belə oynayan komandaya qarşı mübarizə aparmaq, qol vurmaq çətindir. Azərbaycan çempionatında komandalar arasında səviyyə baxımından güclü fərq yoxdur. “Turan”a qarşı AZAL oynayırdı, “Barselona” yox. Yenə deyirəm, komandamızın son vaxtlar çıxışında faciə görmürəm. Heyətdə yeni futbolçular var. Biri Argentinadan, biri Braziliyadan gəlib. Onlara bura öyrəşmək, uyğunlaşmaq üçün vaxt lazımdır.

- Klubunuzun prezidenti Vaqif Qasımov sizə hansısa narazılığını bildirib?
- Komandan qalib gəlməyəndə, kimin xoşuna gələr ki? Qasımov klubun prezidentidir və biz ona hörmət edirik. Fikirlərinə qarışa bilmərik. Onun məndən razı olub-olmamağına gəlincə, bunu özündən soruşmaq lazımdır.

- Adətən komanda uğursuz çıxış edəndə baş məşqçi dəyişikliyi haqda çox danışırlar...
- Bunlar məni maraqlandırmır. Elxan Abdullayev AZAL-a gələndə 1 illik müqavilə imzalayıb. Onun işinin nəticəsi nə vaxt bilinəcək? Mövsümün sonunda. Onda qiymət vermək olar. Buna qədərsə olacaqlardan narahat deyiləm. Mən komandanın oyununu özüm üçün təhlil edirəm və görürəm ki, inkişaf var. Əvvəl müdafiədə problemlərimiz var idi, hər oyunda 3 qol buraxırdıq. İndi isə top buraxmırıq və bu, sevindirici haldır. Düzdür, qol da vura bilmirik. Buna da nail olarıq. Sadəcə, tələsmək lazım deyil. Tələsəndə özünü “yandıra bilərsən”.

Mehman SÜLEYMANOV