Ukrayna milli komandası ardıcıl 2 ay Bakıda oynayacaq
27.10.2011 - 09:31
Ukrayna milli komandası ardıcıl 2 ay Bakıda oynayacaq
Gələn il Azərbaycanda keçiriləcək V Bakı Beynəlxalq Futzal Turnirinin keçirilmə vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, milli komandalar arasında keçirilən ənənəvi turnir 2012-ci il yanvarın 14-17-də təşkil olunacaq.

Bu dəfəki yarışda 4 yığma mübarizə aparacaq. Artıq Joze Alessio da Silvanın yetirmələrinin rəqiblərindən biri də məlumdur. Ukrayna Mini Futbol Assosiasiyası bu ölkənin millisinin Bakıdakı turnirdə iştirak edəcəyini açıqlayıb.

Bu ilin fevralında paytaxtımıza gəlib yığmamızdan sonra 2-ci olan ukraynalılar üçün bu dəfəki səfər fərqli olacaq. Belə ki, ukraynalılar ardıcıl 3 ay ərzində qatılacağı 3 turnirin 2-ni Bakıda keçirəcək. 2011-ci ilin dekabrın 14-18-də onlar DÇ-2012-nin Bakıda keçirilən seçmə mərhələsində yığmamız, həmçinin Xorvatiya və Makedoniya ilə mübarizə aparacaq. Bundan təxminən 1 ay sonra V Bakı Beynəlxalq Futzal Turnirinə qatılacaq Ukrayna millisi bununla da Avro-2012-nin Xorvatiyadakı final mərhələsinə hazırlaşacaq.