“Azərbaycan yığması ilə oyunda kobud səhv buraxdım”
28.10.2011 - 11:41
“Azərbaycan yığması ilə oyunda kobud səhv buraxdım”
Qazaxıstan millisinin futbolçusu Mark Qurman Avro-2012-in seçmə mərhələsində yığmamızla Bakıdakı oyunu yada salıb. Apasport.az saytının məlumatına görə, “Astana”nın 22 yaşlı müdafiəçisi “Tofiq Bəhramov”da 2:3 hesabı ilə uduzduqları matçda buraxdığı səhvi özünə bağışlaya bilmir.

“Fikrimcə, yığmada rəsmi oyunlarda debütüm pis alınmadı. Türkiyə ilə görüşdə kiçik sensasiya etməyimiz üçün haradasa 30 saniyəmiz çatmadı. Ancaq Azərbaycanla qarşılaşmadan sonra məyus idim. Çünki mənim səhvimdən sonra qapımıza 2-ci qol vuruldu. Bu oyuna görə özümə müsbət qiymət verə bilmərəm. Çünki kobud səhv buraxdım” – deyə, Qurman bildirib.

Qeyd edək ki, Markın hücumçumuz Rauf Əliyevə qarşı kobud oyunu penalti zərbəsinin təyin edilməyi ilə nəticələndi. Bunu dəqiq yerinə yetirən yarımmüdafiəçi Mahir Şükürov yığmamızı hesabda (2:1) irəli çıxarmışdı.