“Qarşıdakı 2 oyunun nəticəsi Foqtsun taleyinə təsir etməyəcək”
28.10.2011 - 13:27
“Qarşıdakı 2 oyunun nəticəsi Foqtsun taleyinə təsir etməyəcək”
Yaxın günlərdə İcraiyyə Komitəsinin (İK) iclasının keçirilməsi nəzərdə tutulmayıb. Bu barədə apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

O bildirib ki, əsas milli komandanın noyabrda Albaniya və Almaniyada keçirəcəyi yoldaşlıq görüşlərindən sonra İK üzvləri bir araya gələcək: “Çox güman ki, İcraiyyə Komitəsinin iclası noyabrın sonunda keçiriləcək. Yəni, iclas yığmamızın növbəti oyunlarından əvvəl olmayacaq. Qarşıdakı yoldaşlıq görüşlərində nəticələr baş məşqçi Berti Foqtsun taleyinə təsir göstərməyəcək”.

Məlum olduğu kimi, İK-nın növbəti iclasında əsas müzakirə mövzusu millimizdə baş məşqçi məsələsidir. Ancaq burada təkcə Berti Foqtsun yox, onun köməkçisi, 19 yaşadək futbolçulardan ibarət yığmamızı (U-19) çalışdıran Vəli Qasımovun da taleyinə aydınlıq gəlməlidir. Hər halda, Avropa çempionatının elit-raunduna çıxa bilmədiyindən, cari seçmə mərhələ U-19 üçün artıq bitib.

Məmmədov 17 yaşlılardan ibarət yığmamızın Avropa çempionatının seçmə mərhələsində çıxışının nəticəsini gözlədiklərini bildirib: “Bildiyiniz kimi, Təbriz Həsənovun baş məşqçisi olduğu komanda hazırda Xorvatiyada keçirilən seçmə mərhələdə iştirak edir. Seçmə mərhələsi bitsin, sonra növbəti illər üçün planlarımızı təhvil verəcəyik. Çünki hal-hazırda digər yığmalarda baş məşqçi məsələsi haqda dəqiq söz demək bir az tezdir”.

Qeyd edək ki, millimiz noyabrın 11-də Albaniya ilə Tiranada, 4 gün sonra Almaniyanın II Bundesliqa təmsilçisi “FC Union Berlin” klubu ilə Berlində yoldaşlıq görüşü keçirəcək.

Mehman SÜLEYMANOV