Böyükağa Hacıyev: Biz ancaq irəliyə baxırıq
29.10.2011 - 17:31
Böyükağa Hacıyev: Biz ancaq irəliyə baxırıq
“Bir həftə ərzində üçüncü ağır oyuna çıxdıq. Bu ağır oyunlardan sonra “Turan”la görüşdük. “Turan” bizə layiqli müqavimət göstərdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın ilk dövrənin axırıncı turunda bu gün “Turan”a evdə qalib gəldikləri oyundan sonra bildirib. Oyunda penalti zərbəsini qaçıran bakılılar yalnız 90-cı dəqiqədə özbək hücumçusu Bahodir Nasimovun vurduğu qolla (1:0) qələbəni qazana və bununla da turnir cədvəlində 2-ci pilləyə qayıda bildi.

Hacıyevin sözlərinə görə, rəqibin böyük qüvvə ilə müdafiə olunmağı işlərini çətinləşdirib: “Müdafiə oyunu nümayiş etdirən komandaya qarşı oynamaq çox çətindir. Çoxlu qol imkanlarımız oldu. Amma imkanlardan yararlana bilmədik. Penaltidən də istifadə edə bilmədik. Futbolda belə məqamlar da olur. Biz ancaq irəliyə baxırıq”.