“Biz “Xəzər Lənkəran” səviyyəsində deyilik”
29.10.2011 - 23:01
“Biz “Xəzər Lənkəran” səviyyəsində deyilik”
“Komandamızda problemlər var. Əgər “altılığ”a düşməsək, hamı deyəcək ki, “Kəpəz” oynaya bilmədi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun kapitanı Azər Məmmədov deyib.

Hesabat turunda “Xəzər Lənkəran”a uduzduqları (0:1) görüşdən danışan Məmmədov bildirib ki, oyundan öncə Branimir Subaşiçlə söhbəti olub: “O bildirdi ki, artıq dörd gündür ki, Lənkəranda aramsız yağışlar yağır. Yağış meydançanı pis vəziyyətə salmışdı. Su oyuna, futbol oynamağa pis təsir göstərdi. Meydança yaxşı olsa idi, biz daha az güc sərf edərdik, oyunun sonuna qədər sürətli görüş alınardı. Güclü yağışa rəğmən, oyun maraqlı alındı”.

Məmmədov vurğulayıb ki, kapitanı olduğu komanda qeyri-sabit oyun nümayiş etdirir.

“Əgər uduzuruqsa, deməli, komandamızda çatışmazlıqlar var. Desəm ki, bizdə məşq sistemi düzgün qurulmur, maaşlarımız gecikir, yalan danışaram. Sadəcə, bizdə oyunçu qıtlığı var. Gəlin açıq etiraf edək ki, biz “Xəzər Lənkəran” səviyyəsində deyilik. Oyunçu heyətində fərq var” – deyə Məmmədov bildirib.

Futbolçu vurğulayıb ki, komanda lazımsız anlarda çoxlu xal itirir: “Bizdə sabitlik yoxdur. Əsas məqsəd ilk “altılığ”a düşməkdirsə, biz mümkün qədər az xal itirməliyik. Amma lazımsız yerdə çox itkilərə yol vermişik. Rəqiblərdən çox geri qalmırıq. Elə Lənkərandakı matçın ikinci hissəsində də bərabər səviyyədə oynadıq. Sadəcə, sonluğu gətirə bilmirik”.